"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bəzi funksionerləri barəsində başlanmış cinayət təqibləri ilə bağlı ictimaiyyətdə yaradılan müzakirələr ictimaiyyəti çaşdırmağa yönəlmiş süni ajiotaj yaradılır".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
"Sosial mediada yayılan məlumatların əksəriyyəti reallığa uyğun deyil və saxta xarakter daşıyır.
Bəhruz Məhərrəmov bildirib ki, sosial mediada yayılan məlumatların əksəriyyəti reallığa uyğun deyil və saxta xarakter daşıyır. Marjinal ünsürlərin həbsi siyasi məhbus anlayışı ilə heç bir halda əlaqələndirilə bilməz və cinayətkarlıqla mübarizə cəmiyyət tərəfindən alqışlanmalıdır.
Deputat vurğulayıb ki, bu həbsləri pisləyən bəzi dairələr əslində Rusiyanın kəşfiyyat şəbəkəsinin maraqlarına xidmət edir və yaradılan ajiotaj AXCP-nin özünün ifşasına səbəb olur.
Bəhruz Məhərrəmov sıravi AXCP üzvlərinə müraciət edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü tanımayan, işğala və təcavüzə dəstək vermiş, hazırda isə sülh prosesinə mane olmağa çalışan xarici təsisat və media qurumlarının AXCP sədri Əli Kərimlini müdafiə etməsi düşündürücü olmalıdır.
Deputat eyni zamanda Müsavat Partiyasının üzvlərinə də müraciət edərək, Əli Kərimlinin müdafiəsi üçün tez-tez toplantılar keçirmələrinin məqsədini sual altına alıb. O, bəzi müxalifət nümayəndələrinin siyasi fəaliyyətini radikalizm və siyasi dələduzluq kimi qiymətləndirib və bu yanaşmanın demokratiya ilə uzlaşmadığını bildirib.
Yeni siyasi partiyalar haqqında qanuna da toxunan Bəhruz Məhərrəmov qeyd edib ki, bu qanun siyasi sistemin sağlamlaşdırılması üçün imkan yaratsa da, real sosial bazası olmayan bəzi qruplaşmaların yenidən qeydiyyata alınması suallar doğurur. Onun fikrincə, hüquq-mühafizə orqanları partiyaların qeydiyyat prosesinin qanunauyğun aparılıb-aparılmadığını yenidən araşdırmalıdır.
Deputat bildirib ki, hazırda Azərbaycanda həbsdə olan jurnalist və ya siyasətçi yoxdur, yalnız dövlət hakimiyyəti əleyhinə fəaliyyət göstərməkdə təqsirləndirilən şəxslər var və onlar qanun qarşısında cavab verməlidirlər. O vurğulayıb ki, qalib və müstəqil Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir.
Sonda Bəhruz Məhərrəmov prezidentin son amnistiya təşəbbüsünə toxunaraq bildirib ki, bu addım Azərbaycan dövlətinin vətəndaşlarına, o cümlədən yolunu azmış şəxslərə sahib çıxdığını göstərir və ölkənin daxili işlərinə kənar müdaxilələrə ehtiyac olmadığını bir daha sübut edir.
Aminə ŞAHSUVARQIZI