“Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il vətəndaş cəmiyyəti üçün təkcə fəaliyyətlə deyil, eyni zamanda məsuliyyət və real nəticələrin ön plana çıxdığı bir dövr kimi yadda qalıb.
Onun sözlərinə görə, bu il qeyri-hökumət təşkilatları cəmiyyətin həssas problemlərinə yalnız diqqət çəkməklə kifayətlənməyib, eyni zamanda praktik həllərin formalaşmasında fəal iştirak ediblər. Çingiz Ramazanlı vurğulayıb ki, dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişlənməsi və ictimai faydaya yönəlmiş təşəbbüslər vətəndaş cəmiyyətinin rolunu daha da gücləndirib:
"2025-ci il ərzində “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi tərəfindən vərəm xəstəliyinin profilaktikası və erkən aşkarlanmasına yönəlmiş bir sıra layihələr həyata keçirildi. Bu layihələr əsasən məktəblərdə maarifləndirmə işinin aparılmasına, gənclər, müəllimlər və valideynlər arasında düzgün məlumatın yayılmasına xidmət etdi. Məqsəd yalnız məlumat vermək deyil, eyni zamanda insanların düşüncə tərzində dəyişiklik yaratmaq idi".
QHT sədri həmçinin vurğulayıb ki, həyata keçirilən layihələr çərçivəsində təhsil müəssisələrində seminarlar, interaktiv təqdimatlar və açıq müzakirələr təşkil olundu:
"Təlimlərdən sonra keçirilən viktorinalar iştirakçıların mövzunu nə dərəcədə mənimsədiyini göstərməklə yanaşı, onların prosesə aktiv şəkildə cəlb olunmasına imkan yaratdı. Xüsusilə müəllim və valideynlərlə aparılan dialoq vərəm xəstəliyi ətrafında mövcud olan qorxu və yanlış yanaşmaların aradan qaldırılmasına mühüm töhfə verdi.
Pərvanə Fərhadqızı