Bakı, 16 dekabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə apardıqları araşdırmanın nəticələrinə əsasən, Qazaxıstanın Aktau limanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) mühüm elementi kimi tanınıb. Liman Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin formalaşmasında aparıcı rol oynayır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Aktau limanının rəhbəri Dauren Kutpanbayev məlumat verib. Onun sözlərinə görə, dekabrın 2-də Daşkənddə TBNM üzrə sərmayədarların forumu çərçivəsində Aİ ilə Aktau limanı arasında qrant sazişi imzalanıb. Sazişə əsasən, AYİB tərəfindən 35 milyon avro kredit, Aİ tərəfindən isə 10 milyon avro qrant ayrılacaq.
Ayrılan vəsait limanın modernləşdirilməsinə, yük gəmilərinin yan alması üçün məntəqələrin genişləndirilməsinə, eləcə də istənilən hava şəraitində işləyə bilən liman kranlarının alınmasına yönəldiləcək. Bu tədbirlər yükaşırma həcminin artmasına imkan verəcək.
Asiyadan Avropaya və əks istiqamətdə yükdaşımaların artdığı bir dövrdə həyata keçirilən bu layihələr nəticəsində limanın ötürücülük qabiliyyəti yüksələcək və eyni vaxtda dörd gəmiyə xidmət göstərilməsi təmin olunacaq. Bununla yanaşı, tranzit yükaşırma imkanları da genişlənəcək ki, bu da limanın gəlirlərinin artması baxımından xüsusi əhəmiyyət daşıyır.
Dauren Kutpanbayev əlavə edib ki, Aktau limanında dəmir yolu-parom kompleksi də fəaliyyət göstərir və bu kompleks vasitəsilə Aktau-Bakı marşrutu üzrə yükdaşımalar həyata keçirilir.