Misli Premyer Liqasının 15-ci turunda Qubada "İmişli" ilə qarşılaşan "Karvan - Yevlax" Füzuli Məmmədovun rəhbərliyi altında ilk xalını qazandı.
Bərabərliklə başa çatan matçda (1:1) qonaq komandanın yeganə qoluna imza atan Vadim Abdullayev Fanat.Az-ın suallarını cavablandırıb:
- "İmişli" ilə oyunda hədəf nə idi?
- Hədəfimiz 3 xal idi. Qubaya qələbə üçün getmişdik. Turnir cədvəlinin sonuncu pilləsindəyik və təbii ki, vəziyyəti düzəltmək istəyirik. Çətin oyun oldu. Şükürlər olsun ki, qələbə istəyimiz həyata keçməsə də, 1 xal qazana bildik.
- Füzuli Məmmədovun rəhbərliyi altında ilx xalınızı qazandınız. Komanda Qubada yetərincə əzmkar görünürdü. O, gələndən nə dəyişib?
- Füzuli müəllim gələndən komandada çox şey dəyişib. Bunu məşqləri izləyənlər də görə bilər. Məncə, həm taktika, həm oyun intensivliyi planında "artırmışıq". Ümumi fiziki problemləri də yavaş-yavaş aradan qaldıracağımıza inanıram. Çox tələbkar, işini sevən, istəkli məşqçidir. Onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Onun işinə peşəkar yanaşması futbolçulara da az təsir etməyib. Fikrimcə, komanda da indi daha istəkli, daha əzmkardır.
- Qolu sən vurdun. Bu qolun uzun müddətdən sonra qazanılan xalı gətirdiyini nəzərə alsaq, önəmi çox böyükdür. Bu barədə nə deyə bilərsən?
- Qol vurduğum üçün təbii ki, şadam. Qazandığımız xalda bütün komanda yoldaşlarımın payı var. Uzun müddət idi ki, xal qazana bilmirdik. Ümid edirəm ki, ardını gətirəcəyik.
- Qarşıda sizi "Neftçi" ilə ev oyunu gözləyir. Bəs sən bu qarşılaşmadan nə gözləyirsən?
- Bizi ağır oyun gözləyir. Rəqib "Neftçi"dirsə, əlavə motivasiyadan danışmağın mənası yoxdur. Rəqibin adı elə motivasiyadır. Meydana uğurlu nəticə üçün çıxacağıq. Azarkeşlərimizi sevindirmək istəyirik.
Nihat