AZ

Amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin siyasi yetkinliyinin göstəricisidir Vasif Qafarov

Operativ MM portalından verilən məlumata əsasən, ain.az bildirir.

Milli Məclisin deputatı Vasif Qafarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən amnistiya təşəbbüsünü yüksək qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat bildirib ki, Azərbaycanın müasir siyasi tarixində dövlət quruculuğu prosesi yalnız institusional və inzibati islahatlarla məhdudlaşmır, eyni zamanda dərin mənəvi və ideoloji dayaqlara əsaslanan humanist idarəetmə modeli ilə xarakterizə olunur.

Onun sözlərinə görə, bu modelin əsasını güclü dövlət–güclü vətəndaş münasibətləri, hüquqi ədalət və sosial məsuliyyət prinsipləri təşkil edir.

“Prezident İlham Əliyev tərəfindən irəli sürülən amnistiya təşəbbüsü təsadüfi qərar deyil, müasir Azərbaycan dövlətçilik fəlsəfəsinin məntiqi davamıdır”, – deyə deputat qeyd edib.

Vasif Qafarov xatırladıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində XX əsrin sonlarında Azərbaycan dövləti ağır sınaqlardan çıxaraq müstəqilliyini qoruyub saxlayıb. Onun sözlərinə görə, Ulu Öndərin müəyyən etdiyi siyasi kursun mərkəzində hüquqi dövlətin qurulması, daxili sabitliyin və milli həmrəyliyin təmin olunması dayanıb.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt yeni dövrün çağırışları fonunda uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycan dövlətçiliyini keyfiyyətcə yeni mərhələyə yüksəldib:

“Bu gün Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin olunması hüquqi dövlətçiliyin qələbəsidir”, – deyə Vasif Qafarov əlavə edib.

Deputatın sözlərinə görə, belə bir tarixi mərhələdə humanist hüquq siyasətinə əsaslanan amnistiya təşəbbüsü güclü və özünə inanan dövlətin mövqeyini nümayiş etdirir. O qeyd edib ki, beynəlxalq təcrübədə də amnistiya əsasən siyasi sabitliyə nail olmuş dövlətlərdə tətbiq olunur və bu, zəiflik deyil, hüquqi mexanizmlərə inamın ifadəsidir.

Vasif Qafarov təqdim olunan amnistiya aktının layihəsinin humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə söykəndiyini bildirib. O vurğulayıb ki, Vətən müharibəsi və antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə həlak olmuş və itkin düşmüş vətəndaşların ailə üzvlərinin nəzərə alınması xüsusi siyasi və mənəvi məna daşıyır.

Müsahibimiz eyni zamanda qadınların, yaşlıların, yetkinlik yaşına çatmayanların və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş şəxslərin amnistiya əhatəsinə daxil edilməsini sosial dövlət konsepsiyasının praktik təzahürü kimi dəyərləndirib.

“Burada əsas məqsəd yalnız cəzadan azad etməklə məhdudlaşmır, həm də həmin şəxslərin cəmiyyətə yenidən inteqrasiyasına şərait yaratmaqdır”, – deyə o bildirib.

Sonda Vasif Qafarov qeyd edib ki, Milli Məclisə təqdim olunan yeni amnistiya aktının 20 mindən çox şəxsə şamil olunacağı gözlənilir. Deputat bu qərarın ailələrin birləşməsinə, sosial gərginliyin azalmasına və resosializasiya proseslərinin güclənməsinə mühüm töhfə verəcəyini bildirib.

“Güclü dövlət bağışlamağı bacaran dövlətdir və Azərbaycan məhz belə bir dövlətdir”, – deyə deputat Vasif Qafarov vurğulayıb.

Afət ZİYADQIZI

Milli Məclisin deputatı Azər Badamov Almaniyada Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamalarına münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində deputat deyib ki, Paşinyanın Qarabağ ermənilərinin və Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların geri dönüşü mövzusunun gündəmdən çıxarılması ilə bağlı təklifi reallıqla uzlaşmır.

O, qeyd edib ki, Paşinyan Ermənistana könüllü şəkildə köçmüş Qarabağ ermənilərinin leksikonundan “Artsax” sözünü çıxarmaqda belə çətinlik çəkir, ölkədə isə radikal müxalifətin revanşist çağırışları artmaqda davam edir:

"Qarabağdan öz xahişləri ilə könüllü köçən ermənilərlə Qərbi Azərbaycandan zorla deportasiya olunan azərbaycanlıları eyniləşdirmək olmaz. Azərbaycan Qarabağ ermənilərinə ölkə vətəndaşlığını qəbul edərək yaşamağa davam etmələri üçün imkan təklif etmiş, hətta Ermənistana köçənlər üçün də geri qayıtmaq məqsədilə müraciət portalı yaradıb".

Azər Badamov vurğulayıb ki, bütün bu təkliflərə baxmayaraq, bəzi erməni dairələri revanşist ritorikanı davam etdirir. O bildirib ki, azərbaycanlılar isə fərqli olaraq Qərbi Azərbaycana dinc yolla, Ermənistan hakimiyyəti ilə dialoq və qarşılıqlı müzakirələr yolu ilə qayıtmağı hədəfləyirlər.

Deputatın fikrincə, insanların istədiyi ölkədə yaşamaq hüququ fundamental prinsipdir və Qərbi azərbaycanlıların öz doğma yurdlarına dönmə arzusu da həmin hüquqa əsaslanır

"Ermənistan tərəfindən bu haqqın tanınmaması insan haqlarının pozulması deməkdir. İllər boyu azərbaycanlıların Ermənistandan deportasiyası və Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın işğal altında saxlanılması bu yanaşmanın nəticəsi olub.

Hazırda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi icra olunur və Azərbaycan bu prosesə sadiqdir. Qərbi azərbaycanlıların qayıdışı sülh prosesinə mane deyil və iki ölkə arasında münasibətlərin normallaşmasını daha da sürətləndirə bilər. Bu proses həm xalqların yenidən inteqrasiyasına, həm də bölgədə əldə edilən sülhün möhkəmlənməsinə töhfə verəcək",- deyə Azər Badamov yekunlaşdırıb.

Afət ZİYADQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
2
operativmm.az

3Mənbələr