Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasında rəsmi səfərdədir.
Publika.az xəbər verir ki, səfər çərçivəsində qubernator İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 16-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Qonaqlar görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə gül dəstələr düzüblər.
Sonra “Qardaşlıq məzarı” memorial kompleksi və Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin abidəsi ziyarət olunub.
Səfər çərçivəsində Həştərxan vilayətinin qubernatoru İqor Yuriyeviç Babuşkinin başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Qubadlı rayonuna səfər edib. Qonaqları Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müşayət edib.