Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib ki, 2026-cı il üçün təşkilatın əsas prioritetləri sırasında Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq səviyyədə tanıdılmasının davam etdirilməsi xüsusi yer tutur.
Onun sözlərinə görə, Qarabağa qayıdışın hüquqi əsaslarının təşviqi və bu mövzularla bağlı beynəlxalq konfranslarda fəal iştirak da qarşıdakı ilin əsas istiqamətlərindəndir:
"2025-ci il ərzində təşkilatımız Tbilisi, Ankara, Batumi, Almaniya və dekabr ayında Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu da daxil olmaqla bir sıra beynəlxalq platformalarda uğurla təmsil olunub. Bu fəaliyyətlərin 2026-cı ildə də prioritet istiqamət olaraq davam etdirilməsi nəzərdə tutulur. Beynəlxalq səviyyədə təşkilatımızın iştirak imkanlarının genişləndirilməsi, ölkə daxilində və xaricində yeni layihələrin icrası əsas hədəflərimizdəndir. Təbii ki, bu proses donorların və maliyyə resurslarının cəlb olunmasından asılı olacaq. Lakin bütün hallarda əsas məqsədimiz həm beynəlxalq, həm də yerli səviyyədə təşkilatımızın nüfuzunu qoruyub saxlamaq və daha da gücləndirməkdir".