Berlin, 16 dekabr, AZƏRTAC
Haaqada Ukrayna ilə Avropa İttifaqı və 34 dövlət arasında Ukrayna üçün Beynəlxalq İddialar Komissiyasının (COE) yaradılmasına dair Konvensiya imzalanıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq İddialar Komissiyası Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı kompensasiya mexanizminin ikinci mərhələsini təşkil etməklə mövcud olan Ukrayna üzrə Zərərin Qeydiyyatına əsaslanacaq. Avropa Şurası çərçivəsində yaradılacaq Komissiyaya digər ölkələr qoşula biləcək.
İmzalanma mərasimində Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri, Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak ediblər.
Volodimir Zelenski Zərərin Qeydiyyatından və İddialar Komissiyasından başlayaraq faktiki kompensasiya ödənişlərinə qədər bütün mexanizmlərin işə düşəcəyinə və insanların müharibənin vurduğu istənilən ziyanın kompensasiya oluna biləcəyini real şəkildə hiss etmələri üçün güclü beynəlxalq dəstək alacağına əminliyini bildirib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da X platformasındakı paylaşımında qeyd edib: “Bu tarixi addım Rusiyanın təcavüzünün qurbanları üçün ədalətin təmin olunmasını bir addım da yaxınlaşdırır və məsuliyyətin beynəlxalq miqyasda paylaşılmış öhdəlik olduğunu bir daha möhkəmləndirir”. O, Komissiyanın Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunal və Zərərin Qeydiyyatı ilə yanaşı, hesabatlılıq infrastrukturunun üçüncü əsas sütununu təşkil etdiyini vurğulayıb.
Avropa Şurasının Baş katibi Alen Berse Ukrayna üzrə Zərərin Qeydiyyatının və Beynəlxalq İddialar Komissiyasının müharibə nəticəsində kompensasiya məsələləri ilə məşğul olacaq müstəqil beynəlxalq alətlər olacağını vurğulayıb.
Qeyd edək ki, 2023-cü ildə yaradılmış Ukrayna üzrə Zərərin Qeydiyyatı bu ölkədə fiziki şəxslər, təşkilatlar və dövlət qurumları tərəfindən təqdim olunan kompensasiya iddialarını toplayır və qeydiyyata alır. İndiyədək 44 dövlət və Avropa İttifaqı bu Qeydiyyata qoşulub və artıq 80 mindən çox iddia qəbul edilib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin