AZ

Dərman təminatı mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə əczaçılıq şirkətləri və aptek təşkilatları ilə görüş keçirilib

Bakı, 16 dekabr, AZƏRTAC

İcbari tibbi sığorta çərçivəsində ambulator dərman təminatının mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “İcbari tibbi sığorta ilə ambulator dərman təminatı” mövzusunda əczaçılıq şirkətləri və aptek təşkilatları ilə görüş olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə iştirakçılara ambulator şəraitdə dərman təminatının prinsipləri, tətbiq mexanizmləri və prosesin təşkilinə dair əsas məqamlar barədə məlumat verilib.

Agentliyin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva qeyd edib ki, ambulator dərman təminatının icbari tibbi sığorta çərçivəsində effektiv təşkili və davamlılığının təmin edilməsi üçün bütün maraqlı tərəflərlə açıq dialoq və əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. O, bu cür görüşlərin tətbiq olunan mexanizmlərin təkmilləşdirilməsinə, şəffaflığın artırılmasına və vətəndaşların dərmanlara əlçatanlığının daha da yaxşılaşdırılmasına xidmət etdiyini söyləyib.

Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev “Dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adlarının və tibb vasitələrinin Xidmətlər Zərfinə daxil edilməsi və ya çıxarılması meyarları və qaydası” haqqında geniş məlumat təqdim edib. O, dərman vasitələrinin bir sıra meyarlara əsasən, o cümlədən son 5 ildə əhalinin ölüm və ya əlillik faizi yüksək olan xəstəliklərin müalicəsində istifadəsi, sübutlu təbabət prinsiplərinə uyğun olaraq effektiv və təhlükəsiz olması, eləcə də inkişaf etmiş ölkələrin sığorta təminatında yer almasına görə Xidmətlər Zərfinə daxil edildiyini bildirib.

“Şərti kompensasiya məbləğinin hesablanması” təqdimatında iştirakçılara kompensasiya mexanizmi, hesablamaların aparılması qaydası və tətbiq mərhələləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, “Dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi qaydası və meyarları” mövzusunda müzakirə aparılıb. Müzakirələr zamanı dərman vasitələrinin pozitiv siyahıya əlavə olunması üçün tələb edilən kriteriyalar, qiymətləndirmə prosesi və qərarvermə ardıcıllığı haqqında bəhs olunub.

Elmin Quliyev bildirib ki, dərman vasitələrinin pozitiv siyahıya daxil edilməsi zamanı əsas məqsəd tibbi effektivliyi sübut olunmuş, iqtisadi baxımdan səmərəli və pasiyent ehtiyaclarına cavab verən preparatların seçilməsidir. Onun sözlərinə görə, qiymətləndirmə prosesi müəyyən olunmuş meyarlar əsasında, şəffaf və ardıcıl şəkildə aparılır və qəbul edilən qərarlar səhiyyə sisteminin ümumi dayanıqlığına xidmət edir.

Görüşün yekununda ambulator dərman təminatı ilə bağlı praktiki məsələlər çərçivəsində “Müqavilələrin bağlanılması” mövzusu təqdim olunub. Müqavilələrin hazırlanması, tənzimlənməsi, tərəflərin öhdəlikləri və prosesin mərhələləri iştirakçıların diqqətinə çatdırılıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seçilən
67
5
azertag.az

6Mənbələr