AZ

Trampın kürəkəni Belqradda keçmiş Yuqoslaviya Baş Qərargahının yerində otel tikintisindən imtina edib

ABŞ prezidenti Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner 1999-cu ildə NATO-nun bombardmanı nəticəsində dağıdılan Belqraddakı Yuqoslaviya Xalq Ordusunun Baş Qərargahı binasının yerində otel tikmək planından imtina edib.

Editor.az xəbər verir ki, jurnalistlərin məlumatına görə, bu qərar Serbiya Prokurorluğunun mədəniyyət naziri Nikola Selakoviç də daxil olmaqla dörd yüksək vəzifəli məmura qarşı ittiham irəli sürməsindən sonra verilib. Sözügedən məmurlar layihənin icrası zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərin saxtalaşdırılması ittihamı ilə üzləşiblər.

Qeyd edək ki, ötən ilin noyabrında Serbiya parlamenti keçmiş Yuqoslaviya Ordusunun Baş Qərargahı binasının sökülməsi və həmin ərazidə mehmanxana tikintisi ilə bağlı qərar qəbul etmişdi. Deputatlar eyni zamanda Cared Kuşnerin Belqradın mərkəzində “Trump Tower” adlı dəbdəbəli göydələn inşa etmək planını da təsdiqləmişdilər.

Bu məqsədlə ərazinin mədəni irs statusu ləğv edilmiş, tikinti layihəsi “ümummilli əhəmiyyətli layihə” elan olunaraq xüsusi qanun qəbul edilmişdi. Serbiya müxalifəti isə bu qərarları kəskin tənqid edərək, tarixi-memarlıq irsinin məhv edildiyini bildirmişdi.

// Gülnarə Abasova, Editor.az

Seçilən
142
editor.az

1Mənbələr