AZ

“Neft, hakimiyyət və milyonlar səltənətində” hekayəsinin bədii oxunuşu keçirilib

Bakı, 16 dekabr, AZƏRTAC

Bu gün Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Neft bumu hamıya gülümsəyir” festivalı çərçivəsində dramaturq İsmayıl İmanın “Neft, hakimiyyət və milyonlar səltənətində” adlı hekayəsinin bədii oxunuşu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru Anna İbrahimbəyova festival barədə məlumat verib.

“Festival müəllifin yaradıcı irsindən ilhamlanan çoxjanrlı məkan yaradır və onun əsərlərinin bədii potensialını yenidən kəşf edir. 1960-cı illərdə yazılmış “Neft bumu hamıya gülümsəyir” pyesi seçim, məsuliyyət və taleyin universal mövzularını XXI əsrdə də aktuallığını qoruyan suallar kimi ortaya çıxarır. Festival görkəmli yazıçı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun 90 illiyinə həsr olunub”,- deyə A.İbrahimbəyova əlavə edib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov festivalın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. M.Hüseynov vurğulayıb ki, tədbir mədəni dəyərlərin təbliği və yaradıcı potensialın nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Tədbir “Neft, hakimiyyət və milyonlar səltənətində” adlı hekayənin hissə-hissə oxunuşu ilə davam edib.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin fəaliyyəti yazıçının irsinin qorunması və yeni mədəni təşəbbüslərin dəstəklənməsinə yönəldilib. Festival bu missiyanı keçmişi və bu günü birləşdirərək, nəsillər arasında dialoq məkanını genişləndirərək və bu gün də əhəmiyyətini itirməyən müəllifin ideyalarına diqqəti qaytararaq davam etdirir.

 

Seçilən
46
azertag.az

1Mənbələr