AZ

Bakı torpaq sürüşmələri ilə üz üzə: Biləcəridə çökmələr, paytaxtda artan təhlükə

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Bakı şəhərinin Biləcəri qəsəbəsində bir sıra fərdi yaşayış evlərinin bünövrəsinin çökməsi paytaxtda təhlükəli ərazilər problemini yenidən gündəmə gətirib. Sakinlərin sözlərinə görə, torpağın sürüşməsi və ovulması səbəbindən evlərdə qalmaq artıq həyati risk daşıyır. Gecə saatlarında baş verən hadisə zamanı bəzi ailələr qonşuların xəbərdarlığı sayəsində vaxtında evdən çıxarılıb. Yerli sakinlər bildirirlər ki, vəziyyət o qədər ağırdır ki, nəinki evdə yatmaq, hətta həyətdə oturmaq belə təhlükəlidir.

Mütəxəssislər bildirir ki, Bakı və ətraf qəsəbələrin bir çoxunda oxşar risklər mövcuddur. Xüsusilə Biləcəri, Badamdar, Bayıl, Binəqədi, Zığ və Suraxanı kimi ərazilərdə torpaq sürüşmələri, yeraltı suların səviyyəsinin qalxması və düzgün aparılmayan tikinti işləri ciddi təhlükə yaradır. Bu zonaların bir qismi keçmiş bataqlıq və ya dolğu torpaqlar üzərində salındığı üçün zamanla bünövrələrdə çökmələr qaçılmaz olur.

Şəhərsalma üzrə mütəxəssislərin fikrincə, problemin əsas səbəblərindən biri fərdi evlərin mühəndis-geoloji araşdırma aparılmadan tikilməsidir. Eyni zamanda kanalizasiya xətlərinin sızması, yağış sularının düzgün istiqamətləndirilməməsi və ağır tikililərin zəif torpaq üzərində inşa edilməsi riski daha da artırır. Nəticədə torpaq boşalır, bünövrələr çatlayır və qəfil çökmələr baş verir.

Sakinlər aidiyyəti qurumlardan vəziyyətə ciddi nəzarət edilməsini, ərazilərdə monitorinqlərin aparılmasını və təhlükə altında olan evlərin sakinlərinin müvəqqəti köçürülməsini tələb edirlər. Ekspertlər isə xəbərdarlıq edirlər ki, vaxtında tədbir görülməzsə, bu cür hallar gələcəkdə daha ağır nəticələrə, hətta insan tələfatına səbəb ola bilər.

Qeyd olunur ki, Bakıda təhlükəli zonaların xəritəsinin yenilənməsi, yeni tikililər üçün geoloji tələblərin sərtləşdirilməsi və mövcud fərdi yaşayış evlərinin texniki vəziyyətinin yoxlanılması artıq təxirəsalınmaz zərurətə çevrilib. Əks halda Biləcəridə yaşanan hadisə paytaxtın digər ərazilərində də təkrarlana bilər.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
137
icma.az

1Mənbələr