AZ

Zalujnı: Müharibədən sonra hərbçilərin evə dönüşü Ukrayna üçün ciddi risklər yarada bilər...

Sabiq baş komandan kütləvi demobilizasiyanın siyasi destabilizasiya və vətəndaş müharibəsi təhlükəsi doğura biləcəyini bildirir...

Poliqon xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı müharibə başa çatdıqdan sonra hərbçilərin kütləvi şəkildə cəmiyyətə qayıtmasının ölkə üçün ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, sosial və iqtisadi problemlər fonunda döyüş təcrübəsi olan insanların adaptasiya prosesi düzgün idarə olunmasa, bu, təhlükəli nəticələrə gətirib çıxara bilər.

Zalujnı bildirib ki, gəlirlərin kəskin azalması, işsizliyin artması, yaşayış yerinin olmaması və cəmiyyətdə, eləcə də ailə daxilində özünü reallaşdırmaq imkanlarının məhdudlaşması silahlı münaqişədən qayıdan şəxsləri müxtəlif təxribatlara və “asan pul” cazibəsinə qarşı həssas vəziyyətə salır. Onun fikrincə, əlində silah və döyüş təcrübəsi olan insanların bu şəraitdə nəzarətsiz qalması minimum halda cinayətkarlığın artmasına və küçələrdə təhlükəsizliyin azalmasına səbəb ola bilər.

Sabiq baş komandan vurğulayıb ki, risklər bununla məhdudlaşmır və proses daha genişmiqyaslı fəsadlara yol aça bilər. O qeyd edib ki, belə bir vəziyyət Ukraynada siyasi destabilizasiya təhlükəsini gücləndirə, hətta milli təhlükəsizlik üçün ən ağır ssenarilərdən biri olan vətəndaş müharibəsi riskini də gündəmə gətirə bilər.

Zalujnının sözlərinə görə, məhz bu səbəbdən müharibənin başa çatması və təxminən 1 milyon hərbçinin mülki həyata qayıtması həm dövlət, həm də vətəndaş cəmiyyəti üçün “yeni və son dərəcə mürəkkəb çağırış” olacaq. O hesab edir ki, bu mərhələyə indidən ciddi şəkildə hazırlaşmaq, sosial təminat, məşğulluq və reinteqrasiya proqramlarını qabaqcadan formalaşdırmaq vacibdir.

Poliqon.info

Seçilən
112
poliqon.info

1Mənbələr