AZ

"Qurama sənəti müasir brendlərlə beynəlxalq arenaya çıxır" - QHT sədri

“Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin sədri Aytən Həsənova QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il təşkilat üçün mühüm nailiyyətlər və beynəlxalq təqdimatlarla yadda qalıb.

Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən İslam ölkələrinin mədəniyyət forumunda təşkilat fəal iştirak edib və tədbirdə iki stendlə təmsil olunub. Stendlərdən birində qədim qurama sənəti, digərində isə bu ənənə əsasında formalaşdırılmış müasir brendlər təqdim edilib:

" Məhz qurama texnikasından uğurla istifadə olunub və həmin dizayneri də bizim təşkilat yetişdirir. Onu da qeyd edim ki, biz həmin dizaynerlə mütəmadi olaraq işləyirik və qurama sənətini bu gənc dizaynerə ötürmüşük. O artıq bu texnikanı öz geyim kolleksiyalarında nümayiş etdirir və “Bayatı” brendimiz də həmin tədbirdə iştirak edib. Eyni zamanda “İpək Yolu” brendi təqdim olundu və çox gözəl bir hadisə baş verdi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Sümayə Bayraqdar stendlərimizə yaxınlaşaraq təqdim etdiyimiz qurama sənətini, “İpək Yolu” və “Bayatı” brendlərini yüksək qiymətləndirdilər. Bu təqdimatlar onların çox xoşuna gəldi və artıq hazırda bu istiqamətdə bizə müxtəlif əməkdaşlıq təklifləri daxil olur. Təkliflər əsasən “Bayatı” və “İpək Yolu” brendləri, eləcə də qurama sənətinin daha da genişləndirilməsi və türkdilli xalqlar arasında inkişaf etdirilməsi ilə bağlıdır. Düşünürəm ki, 2026-cı ildə təkcə Özbəkistanla deyil, ümumilikdə türkdilli xalqların sənətkarlığının inkişafında vətəndaş cəmiyyətinin, xüsusilə də təşkilatımızın mühüm rolu olacaq". 

Aytən Həsənova əlavə edib ki, 2025-ci il təşkilat tərəfindən “qurama ili” elan olunub və bu sahənin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılıb:

"Bizim təşkilatımız üçün 2025-ci il çox uğurlu bir il oldu. Bildiyiniz kimi, təşkilatımız yarandığı gündən qarşısına məqsəd qoyub ki, hər il bir sahənin inkişafı və onun geniş şəkildə təqdimatı ilə məşğul olsun. 2024-cü ildə əsas fəaliyyət istiqamətimiz taxta oyma sənəti oldu. Bu sahəni respublika üzrə inkişaf etdirdik, müxtəlif bölgələrdə ustad dərsləri keçirdik və həmin fəaliyyətlə bağlı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən qrant da aldıq.

2025-ci ildə isə təşkilatımız tərəfindən “qurama ili” elan edildi və bu sahənin inkişafı istiqamətində məqsədyönlü işlər aparıldı. 2026-cı ildə isə, inşallah, növbəti çıxışlarımızda təşkilatımız üçün yeni bir sahənin inkişaf etdiriləcəyini elan edəcəyik".

Seçilən
112
qht.az

1Mənbələr