Tural İrfan: “Dini bilikləri geniş olanın da çoxunun əxlaqı yoxdur, əxlaq da din xadimi üçün dini bilgidən daha əfzəldir”
“Azərbaycandakı din xadimlərinin dini bilikləri qənaətbəxş deyil”. Bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanda dini bilikləri geniş olan din xadimlərinə ehtiyac var: “Bundan əlavə, Azərbaycanda, eləcə də digər ölkələrdə dini radikalizmlə, xurafatla, məzhəbçiliklə mübarizədə məktəb mühüm rol oynayır. Təhsil dünyəvi xarakter daşıyır. Din yalnız şəriətdən ibarət deyil. Dinin mədəniyyət və mənəviyyat tərəfi var. Bu məqamda təhsilin böyük rolu var”.
Maraqlıdır, Azərbaycandakı din xadimlərinin dini bilikləri niyə qənaətbəxş deyil?
“Din xadimlərinin əksəriyyətinin biliklərinin kasad olmasını dindarların sosial şəbəkələrdə apardığı söyüş kampaniyaları təsdiq edir”
Ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, din xadimi həm mükəmməl dini və müəyyən qədər də dünyəvi biliyə, yüksək əxlaqa sahib olmalıdır: “Ölkəmizdə savadlı din xadimləri olsa da azdır. Din xadimlərinin əksəriyyətinin biliklərinin kasad olmasını dindarların sosial şəbəkələrdə apardığı söyüş kampaniyaları təsdiq edir. Bəzən hətta bəzi din xadimlərinin özləri də cəmiyyətdə çalxantı yaratmağa cəhd edirlər. Bunlar İran təsirində olanlardır. Qonşu ölkə İranda qatı məzhəbçi, siyasiləşmiş şiəlik hakimdir. Vaxtilə orada gedib oxuyan, yaxud ziyarət adı ilə gedib tora düşən və ya oradakı siyasi liderləri müctəhid adı ilə təqlid edənlərin çoxunun dini bilikləri azdır. Çünki onlara dindən çox siyasi məzhəbçiliyə gərək olanları təlim ediblər. Bu kimi zərərli din xadimlərindən xilas olmaq üçün də Azərbaycan İlahiyyat İnstitutunun milli, savadlı kadrlar yetişdirməsinə böyük ümidlər var. Bir tərəfdən də, dost olsaq da, qardaş olsaq da Türkiyədəki xurafatçı, mövhumatçı, özünü sufi təriqətinin mənsubları adlandıranlara bənzəmək istəyənlər, orta əsrlərə qayıtmağa təşviq edənlər də var. Orta əsr geyimlərini, yaşamını, guşənişinliyi təbliğ etməklə əsl dini dəyərləri yaşamaq arasında fərq var. Ən zərərlisi isə özlərini sələfilər adlandıran vəhhabilərdir. Düzdür, bu inanca sahib olanlardan rəsmi din xadimi yoxdur. Lakin sosial mediada tüğyan edirlər. Çünki rəsmi din xadimlərimizin savadı, təhsili, dini-dünyəvi biliyi onların ram edəcək həddə deyil. Ona görə də yalnız söyüş, təhqir, təhdid və şərlə üstün gəlmək istəyirlər. Dini bilikləri geniş olan ilahiyyatçıların diplomunu tanımadılar. Təhsil Nazirliyi böyük zərbə vurdu bu gənclərə. Bakı İslam Universitetinin 3500-dən artıq məzununun diplomunu tanımayaraq onları yalnız molla olmağa məcbur etdilər. Onların içində ali din xadimi, elmi dərəcə almış kimi yetişmək istəyən yüzlərlə məzun vardı. Bütün bu imkanlardan məhrum etdilər acımadan, rəhm etmədən. Dini bilgiləri geniş olan din xadimi o zaman yetişə bilərdi ki, həmin məzunların diplomunu tanıyıb Azərbaycan Milli Elmlər Akademiyasında alimlik dərəcələri almaq üçün, elmi fəaliyyətlə məşğul olmaq üçün şərait yaradılaydı. Azərbaycanda ilk din universitetinin məzunlarına qarşı törədilən bu qanunsuz əməl dünyanın heç yerində yoxdur. İndi həmin məzunlara yalnız molla, məscid imamı olmaq hüququ tanınır. Bəs onların içində ali dərəcəli ilahiyyatçı, ali dərəcəli din xadimi olmaq istəyənlər nə etsin? Onlar da ya başqa peşə ilə məşğul olur, ya da ölkəni tərk edib gedirlər. Yüksək bilikli din xadimləri olmasın deyə, anti-milli bir təşəbbüs olaraq bu addım atıldı və elmli, mütərəqqi din xadimlərinin formalaşmasının qarşısı alındı. Hazırda ali dini rütbə almaq üçün heç bir şərait yoxdur. Din xadimi istəyir ali dini rütbəyə sahib olsun. Əlli il axund olmaq olmaz ki? Bəs harada, necə almalıdır o rütbəni? Yenə də xaricə möhtac qoymaq lazım deyil ilahiyyatçıları. Dini bilikləri geniş olanın da çoxunun əxlaqı yoxdur. Əxlaq isə din xadimi üçün dini bilgidən daha əfzəldir. Əksinə, mən düşünürəm ki, din xadimlərinin əxlaqını düzəltmək lazımdır. Vətənə məhəbbətini, dünyəvi biliklərini formalaşdırmaq lazımdır. Vətəni sevsə vətəndaşın sosial şəbəkələrdə söyülməsinə yol verməz. Əxlaqlı olsa məzhəbçilik, xurafat, cəhalət yaymaz, digər inancların mənsublarını böhtanlamaz... Yəni təkcə bilik hər şeyi həll etmir. Din xadimi müəllim deyil ki, yalnız onun elmi biliyinə diqqət edək. O, mənəviyyatı, ilahiyyatı, dini təmsil edir. Ancaq təəssüf ki, bu mənada hələ nümunəvi din xadimləri çox azdır. Bütün bunların da aradan qaldırılaraq sağlam və geniş bilikli din xadimləri yetişdirmək üçün Azərbaycan İlahiyyat İnstitutuna böyük ümidimiz var”.
Günel CƏLİLOVA