Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyi hamı əslən naxçıvanlı kimi tanıyır. Rəsmi sənədlərə görə, Əbülfəz Əliyev (Elçibəy) 1938-ci ilin 24 iyununda Naxçıvan MR Ordubad rayonunun Kələki kəndində anadan olub. Orta məktəbi də Ordubadda bitirib.
Amma çoxlarının naxçıvanlı olaraq tanıdığı Əbülfəz Elçibəy əslən Muxtar Respublikadan deyilmiş.
Elçibəyin qardaşı oğlu Hürrü Əliyev Modern az-a açıqlamasında əslən naxçıvanlı olmadıqlarını təsdiqləyib. O bildirib ki, Əbülfəz Elçibəyin həm ana, həm də ata tərəfi fərqli bölgələrdəndir:
“Ana tərəfimiz Qərbi Azərbaycandan – Qafan rayonunun Pirdavdan kəndindəndir. Onlar keçən əsrin əvvəllərində – 1915-ci illərdə Qərbi Azərbaycandan Ordubadın Kələki kəndinə köçüblər. Burada da nənəmlə babam ailə həyatı qurub”.
Hürrü Əliyev ata tərəfdən Güney Azərbaycandan – Ərdəbildən olduqlarını qeyd edib:
“Bizim ata tərəfdən soyumuz Güney Azərbaycandandır. Kökümüz Ərdəbildəndir. Ata babalarımız əvvəlcə Ərdəbildən Xoyun Zunuz kəndinə, oradan da Naxçıvanın Kələki kəndinə köçüblər. Ata soyumuz Səfəvilər təriqətinin əsasını qoyan Şeyx Səfiəddin Ərdəbilininin xələflərindəndir. Bizim ulu babamız Şeyx Sədrəddindir. 500 illik soy şəcərəmizin rəsmi dəri üzərində ərəbcə yazılmış forması bu dəqiqə Əbülfəz Elçibəyin ev muzeyində saxlanılır.
Mən özüm də soyumuzla maraqlanırdım ki, Əbülfəz Elçibəy kimi qeyri-adi adam necə yetişib… Elçibəy seyid nəslindəndir. Lakin biz seyid nəslindən olduğumuzu göstərən “mir” sözönünü götürməmişik”.