Bakı, 17 dekabr, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərdə qadın sahibkarlar üçün geniş biznes fəaliyyəti imkanları yaradılır. Əsas da bölgədə qadın təlim-tədris mərkəzləri fəaliyyət göstərir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş bölgələrdə 8-ə yaxın sahibkarlıq fəaliyyətinə başlamış qadın var.
“Onlardan 3-ü restoran, 2-si təlim-tədris, 1-i mehmanxana turizmi, 2-si ekoloji turizm sahələrindədir. Bununla yanaşı, həm Xankəndidə, həm də Füzulidə tekstil müəssisələrində rəhbər vəzifələrdə çalışan qadınlarımız var”, - deyə S.Babayeva vurğulayıb.
İdarə Heyətinin sədri onu da əlavə edib ki, kənd yerlərinə köçən qadınların istehsal etdikləri məhsulların rəqəmsal platformalar üzərindən satışlarını təmin etmək əsas məqsədləridir: “Məqsədimiz eko və kənd turizmini inkişaf etdirib sahibkar qadınların fəaliyyətini dünya miqyasında tanıtmaqdır. Ələxsus, orqanik kənd məhsullarının daha böyük bazarlara çıxarılmasıdır”.