AZ

Direktor: Türk dünyası ölkələri ilə əlaqələrin gücləndirilməsi Folklor İnstitutunun prioritet istiqamətlərindən biridir

Bakı, 17 dekabr, AZƏRTAC

Türk dünyası ilə əlaqələrin gücləndirilməsi və beynəlxalq elmi tədbirlərin keçirilməsi Folklor İnstitutunun prioritet istiqamətlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair hesabata həsr olunmuş Elmi şuranın iclasında söyləyib. O bildirib ki, bu il Folklor İnstitutu ölkənin və Türk dünyasının bir sıra universitet və elmi tədqiqat mərkəzləri ilə birgə Mikayıl Azaflının 100 illik yubileyi çərçivəsində “Aşıq sənətində milli-mənəvi dəyərlər”, eləcə də Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədənin 150 illik yubileyinə həsr olunmuş “I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik” simpoziumlarını təşkil edib.

Direktor qeyd edib ki, AMEA Folklor İnstitutu ilə Daşkənddəki Yunus Rəcəbi adına Özbək Milli Musiqi Sənəti İnstitutu, Urgənc Dövlət Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının Əlişir Nəvai adına Dövlət Ədəbiyyat Muzeyi arasında elmi əməkdaşlığa dair memorandumlar imzalanıb. Bu addımlar Folklor İnstitutunun beynəlxalq əlaqələrini gücləndirmək və elmi tədqiqatlar sahəsində müvafiq qurumlarla əməkdaşlığı genişləndirmək məqsədini daşıyır.

Seçilən
69
1
azertag.az

2Mənbələr