AZ

Mavehunnəhrdən Əsən Şeir Ruzigari - ÖZƏL » AzadMedia.az



Bakı, 17 dekabr — Azadmedia.az

Mavehunnəhrdən Əsən Şeir Ruzigari
Dekabr günəşinin zəif şüaları “Nur” otelinin əski pəncərələrindən odama süzülürdü. Bu mənzərənin özü adamı üşüdürdü. Daşkənd qədim görünürdü, bu qədimlikdə bir qəriblik hiss etdim və tez düşüncələrdən ayrıldım. Buxarilərin, Termizilərin, Maturidilərin, Biruni və onlarca dühanın gəlib-keçmiş olduğu məkanda qərib olmaq olarmı?... Dərhal özüm özümlə danışırmış kimi hallünativ olaraq;- “yox, dedim”. Elə bu zaman dostum, tanınmış alim, nəcib insan Gülnaz xanım zəng vurdu. “Qalib bəy, oğlum Baburla gəlirik sənin ardınca. Ustaz İsacan bəy də gələcək bir az hasbihal edərik”. Bayaqdan qəribsədiyim sokaklar mənə doğma bir istilik gətirdi sanki. Sən demə coğrafiyanın qəribi- doğması olmurmuş, həmin coğrafiyada olanların münasibəti yaradırmış bu hissləri. Allah atalarımıza rəhmət eləsin, necə də rasional və səmim ifadə ediblər:- “dost gəlişi bayram olar”.
Biz xarəzmlilərin məkanında xeyli gaplaşdıq. İsacan Sultanın Əli Şir Navayi romanını azərbaycan türkcəsinə uyğunlaşdırıb Azərbaycanda nəşr etdiyim nüsxəni müzakirə etdik. Və... və bizim masada daha bir nəfər tanımadığım bir gənc də var idi. Çox mərifətli və əxlaqlı olduğu oturuşundan bilinirdi. Sən demə bu şəxs həm də şair imiş. Utana-utana bir kitabını da mənə hədiyyə etdi. Özbək qardaşlar mənə 5-6 kitab vermişdilər, onlardan birini Hava alanında, birini də elə uçaqda oxudum. Çünki maraqlı idi və əsas da diqqətimi çəkmişdi. Kitablardan biri dostum,qardaşım Cüməli Şabanovun(Y.Qasımovla) özbəkcədən azərbaycancaya uyğunlaşdırıdığı Xocamahmud Behbudinin birpərdəli dramı və həmin gəncin;- yəni Şöhrət Arifin “Mavi Erk” şeirlər kitabı idi. Qərara gəldim ki, bu gənc şairi azərbaycan oxucusuna da tanıdım. Düzdür, onu Azərbaycanda qismən tanıyırlar, düşündüm qoy mənim qələmimdən də tanısınlar. Və beləliklə Şöhrət Arifin poetik dünyası sizin hüzurunuzdadır. Maraqlıdır ki, Şöhrət Arifin mövzu və ideya baxışları bir sistem təşkil edir. İdeyasının əsasını insan- zaman-qədər münasibətləri əhatə edir. Onun üçün şeir təkcə estetik hadisə deyil, həm də mənəvi hesabat, daxili monoloq və tarixi yaddaşın ifadəsidir. Ş.Arifin şeirlərində insanın daxili iztirabı,yaddaş və yaddaşın insan taleyində oyatdığı assosasiya, torpaq-yurd-vətən düşüncəsi, mənəvi tənhalıq motivləri əsas qayəni təşkil edir. Şairin lirik “mən”i daima müşahidə edən, düşünən, araşdıran, bəzən də susaraq etiraz edən obrazdır. Bu “mən” klassik romantik pafosdan uzaqdır, daha çox daxilə yönəlmiş introspektiv xarakter daşıyır, bu lirik subyekt hadisələri təsvir etmir, onları özləşdirərək yaşayır və psixoloji -semantik effekt yaradır. Şairin dili sadədir, lakin məna spektri zəngindir. Xalq dili ilə bədii dili sintez edir, yersiz deyimlərdən, süni metaforadan qaçır. Söz onun üçün pafos deyil, yaddaşdır, söz emosiyanı gizlətmir, əksinə mənanı açır ki, bu da poetik səmimiyyətin əsas atributlarındandır. Onun poeziyasında yol, gecə, sükut, külək, yurd və. s. kimi obrazlar arxetipik xarakter daşıyır və şairin fərdi poetik dünyagörüşündə yeni semantik çalarlar qazanır. Xüsusilə sükut və qaranlıq(gecə) obrazları daxili tənhalığın, düşüncə dərinliyinin simvolu kimi çıxış edir. Ş. Arif zamana, vaxta canlı bir varlıq kimi yanaşır. Ona görə zaman xronoloji deyil, psixoloji və fəlsəfi kateqoriyadır. Elə təsvir edir ki, keçmiş, indi və gələcək biri-birinə qarışır, yaddaş isə poetik mətndə əsas element kimi çıxış edir. Bu xüsusiyyət Arifin şeirlərini postmodern düşüncəyə yaxınlaşdırır, lakin milli ruhdan ayırmır. Şair əsasən sərbəst şeir formasına üstünlük verir, daxili ritm və intonasiya üzərində qurulmuş poetik struktur quqrur və bu tipli şeirlərdə ritm qafiyədən yox, fikrin axarından doğur. Bu da şeirlərin təravətini artırır.
Səni gətirən ruzigarlar tanış,
Onlar məni atıb gedənlərdi.
Qəlbimdə vuran ümidim
Nəhayət qovuşub gəldin qismətə qədər.
Şeirdə əsas ideya zamanla insan arasındakı məsuliyyət münasibətidir. Şair zamanın gecikdiyini bildirərək fərdi məsuliyyəti öz üzərindən atmır, əksinə etik münasibət nümayiş etdirir. “Ruzigar gecikti, mən deyil Allahım!”-deyərkən fatalist bir düşüncə sərgiləyir. Poetik qurluşuna görə şeir aforizm xarakeri daşıyır, qısa sintaktik struktur düşüncəni üfüqi dərinləşdirir, fəlsəfi yükünü artırır.
Səndən bir işarət bəsdir,
Dağlar çiyin-çiyinə düzülür.
Gözünə bir baxıb keçsəm,
Min illik yalanlkar açılır- deyərkən dünya sabit məkan deyil, daimi köç kimi təqdim edilir. “ Mənzil” anlaytəşə fiziki məkan yox;- ruhun dayanacağı, mənəvi rahatlıq nöqtəsi kimi şərh edilir. Şair burada klassik yol motivini modern semantik çalarlarla təqdim edir. Lirik “mən” yolçu deyil, mənzil axtaran düşüncədir və bu düşüncə şeiri ekzistensial poeziya səviyyəsinə yüksəldir.
Şairin “Qar. Mən. Yar “ şeiri özbək ədəbiyatında az təsadüf edilən minimalist poetik nümunələrdəndir. Üç sözlük qurruluşa baxmayaraq, geniş semantik aura yaradır.
Qar - paklıq, soyuqluq, sükut
Mən - tənha şüur
Yar - sevgi, istilik, ocaq
Bu nümunədə də soyuq və isti, tənhalıq və birgəlik oxları üzərində qurulur. Sintaktik parçalanma daxilil parçalanmanı poetik şəkildə əks etdirir.
Çağdaş poeziya prosesinin və mənim diqqətimi çəkən bir şeir üzərində xüsusi əməliyatın çalarları ümumədəbi inkişafa təkan verəcəyini düşünürəm. “Qədər imlası; əski bir çizgi” bu şeir poetik kriteriyalar baxımından metatekstual xarakter daşıyır. “İmla”- dəyişdirilməsi mümkün olmayan ilahi yazı, qədər kimi oxunur. Belə şeir nümunələri “sosrealizm” şinelindən çıxan ədəbi prosesə yaddır. Əslində özbək milli şeirinin özünə qayıtması deməkdir.
Bəzən hər şey mükəmməldir....
Və ya
Qədərin adını tapa bilmədim,
O imlası qədim bir cizgi.
Çaylardan paklıq gözlərkən
Üzüb gedən duzlu bir dənizəm mən... bu poeziya mənzərəsi isə qədərein tarixi və arxetipik xarakterini vurğulayır.
Çağdaş poeziyada metoforik radikallıq olmasına rəğmən Şöhrət Arif şeirində semantik sadəlik ön plandadır. Bu tendensiya çağdaş özbək şeirində özünü açıq biruzə verir. Şövkət Rahman da eyni xəttlə inkişaf edir. Hər iki şairdə sükut, tale və mənəvi tənhalıq əsas motivlərdəndir. Şövkət Rahman daha dramatik, Şöhrət Arif isə minimalist və sakindir. Bu oxşarlıq türk dünyası poseziyasında ortaq eksiztensial xətti göstərir.
Şöhrət Arif poeziyasında mövzu zahiri olaylardan daha çox batini problemlər üzərində qurulur. Şair üçün əsas poetik obyekt insanın özü deyil, insanın zaman, qədər və yaddaş qarşısındakı mövqeyidir. İlok dəfə tanış olduğum şairin poitik irsi mövzu baxımdan ekzistensial, lirik mən baxımından introvert, dil baxımından minimalist və dərin, rəmzlər müstəvisində səssiz, amma disskultural, ideya baxımından isə müasir insanın daxili dramını əks etdirən poetik sistemdir.

Qalib Sayılov, filologiya elmləri doktoru
Seçilən
148
1
azadmedia.az

2Mənbələr