Berlin, 17 dekabr, AZƏRTAC
Avropa Komissiyası 2026-cı ildən etibarən CO₂ Sərhəd Tənzimləmə Ödənişini (CBAM) idxal olunan iqlim üçün zərərli məhsullara, o cümlədən məişət texnikası və cihazlara tətbiq etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Komissiya rüsumun 180 yeni məhsula tətbiq olunmasını təklif edir.
Hazırda Avropa İttifaqı məkanında dəmir və alüminium istehsalçıları istehsal prosesində yaranan CO₂ üçün sertifikat alırlar. Lakin xarici istehsalçılar bu xərci ödəmədikləri üçün məhsullarını daha ucuz sata bilir. Yeni idxal vergisi Avropa İttifaqından olan istehsalçıların beynəlxalq rəqabətdəki bu əlverişsiz vəziyyətdən qorumaq məqsədi daşıyır.
Bundan başqa, CBAM-ın tətbiqi ilə idxalçı şirkətlər də istehsal zamanı yaranan emissiyalar üçün ödəniş etməli olacaqlar. İdxal rüsumunun genişləndirilməsi, xüsusilə dəmirdən hazırlanmış məhsullar istifadə edən maşınqayırma sənayeçilərini istehsalı Avropa İttifaqından kənara köçürməkdən və rəqabətdə ucuz məhsullar təqdim edən xarici rəqiblərə uduzmaqdan qorumağa yönəlib.
Hazırkı CBAM sistemi 2023-cü ildən qüvvədədir, lakin ödənişlər yalnız 2026-cı ildən başlayacaq. Təqdim olunan bu təkliflər Avropa Parlamenti və 27 üzv ölkə tərəfindən müzakirə edilməlidir. Müzakirələrin bir neçə ay davam edəcəyi gözlənilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin