AZ

Məşhur türkiyəli müğənni Güllünün ölümü ilə bağlı yeni detallar üzə çıxdı: Mirasa görə pəncərədən atılıb?

Türkiyənin Yalova şəhərində şübhəli şəkildə evinin pəncərəsindən yıxılan müğənni Güllünün ölümü ilə bağlı istintaq davam edir və yeni detallar üzə çıxıb.

Bu barədə 7News.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Güllünün bacısı Kader Tut və qardaşı Raşit Günyer prokurorluğa müraciət edərək, Güllünün oğlu Tuğberk Yağız Gülter, qızı Tuğyan Ülkem Gülter və keçmiş əri Gürol Gülterin müğənnini mirası üçün öldürdüklərini iddia edib, onlar barəsində Yalova Baş Prokurorluğuna cinayət üzrə şikayət ərizəsi veriblər.

Məlum olub ki, sənətçinin varisləri olan övladları Tuğyan Ülkem Gülter və Tuğberk Yağız Gülter onun ölümündən dörd gün sonra fərdi təqaüd sistemindən Güllünün pulunu çıxarıblar, həyat sığortasındakı pulun əldə edilməsi üçün də müraciət ediblər.

Bu da Tuğyan Ülkem Gülterin anasını pəncərədən ataraq öldürdüyü ilə bağlı şübhələri artırıb.

Baş Prokurorluq şikayəti Güllünün qətl işi ilə birləşdirib, müğənninin hesablarından çıxarılan pulun məbləği ilə bağlı aidiyyəti şirkətlərlə yazışmalar aparılıb. Banklardan gələn cavablar qətlin motivi ilə bağlı araşdırmalara aydınlıq gətirəcək.

Qeyd edək ki, sentyabrın 26-da Güllü (52 yaş) Yalovanın Çinarcık rayonunda yerləşən binanın 5-ci mərtəbəsindəki evinin pəncərəsindən yıxılaraq ölüb.

Güllünün ölümü ilə bağlı Yalova Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində qızı Tuğyan Ülkem Gülter, qızının rəfiqəsi Sultan Nur Ulu və onlarla birlikdə daha iki nəfər xaricə qaçmağa hazırlaşdıqları zaman İstanbulda saxlanılıblar.

Daha sonra Tuğyan Ülkem Gülter barəsində həbs qərarı çıxarılıb. Qəsdən adamöldürmə ittihamı ilə barəsində həbs qərarı çıxarılan Gülter məhkəmə zalından həbsxanaya göndərilib.

Bundan başqa, hadisə günü Gülter ilə eyni otaqda olan rəfiqəsi Sultan Nur Ulunun da məhkəmə istintaqı başa çatıb. Məhkəmənin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İstintaq çərçivəsində saxlanılan Sultan Nur Ulunun atası Arif Ulu və daha iki nəfər dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıblar.
 
 

Seçilən
107
7news.az

1Mənbələr