AZ

Diş ağrısını nə kəsir? - Təbii üsullarla ağrını yüngülləşdirmək mümkündür

Diş ağrısı gündəlik həyat keyfiyyətini aşağı salan geniş yayılmış sağlamlıq problemlərindən biridir.

 

Pravda.az bildirir ki, diş ağrısı əsasən çürük, diş əti xəstəlikləri, infeksiya və ya travma nəticəsində yaranır.

 

Ağrının əsas səbəbi aradan qaldırılmadıqda isə problem daha da ağırlaşa bilər.

 

Diş ağrısı zamanı diş həkiminə müraciət əsas şərt olsa da, bəzi təbii üsullar ağrını müvəqqəti olaraq yüngülləşdirməyə kömək edə bilər.

 

Təbii üsullarla diş ağrısını azaltmaq olar

 

Mütəxəssislər ilk növbədə ağız gigiyenasına diqqət yetirilməsini tövsiyə edirlər. Diş aralarında qalan qida qalıqları ağrını artırdığı üçün diş ipindən istifadə faydalı ola bilər.

 

Diş ağrısı zamanı duzlu su ilə qarqara iltihabı azalda və bakteriyaların çoxalmasının qarşısını ala bilər. Bir stəkan ilıq suya bir çay qaşığı duz əlavə edərək gündə bir neçə dəfə qarqara etmək tövsiyə olunur.

 

Təbii ağrıkəsici kimi tanınan karamixək və mixək yağı da geniş istifadə edilir. Mixəyin tərkibində olan eugenol maddəsi ağrını uyuşdurur və antiseptik təsir göstərir.

 

Bundan əlavə, ağrıyan nahiyəyə soyuq kompres tətbiq etmək şişkinliyi azalda və ağrını zəiflədə bilər. Kompresin 15–20 dəqiqə tətbiq olunması kifayətdir.

 

Antibakterial xüsusiyyətləri ilə tanınan sarımsaq da diş ağrısının müvəqqəti yüngülləşdirilməsində istifadə edilə bilər. Əzilmiş sarımsağın ağrıyan nahiyəyə qısa müddət qoyulması bəzi hallarda rahatlama yaradır.

 

Nanə çayı ilə qarqara isə sakitləşdirici təsiri ilə tanınır və ağız boşluğunda yaranan diskomfortu azalda bilər.

 

Mütəxəssislər xəbərdarlıq edir

 

Həkimlər qeyd edirlər ki, bu üsullar yalnız müvəqqəti rahatlama üçündür və diş ağrısının əsas səbəbini aradan qaldırmır. Ağrı uzun müddət davam edərsə, şişkinlik, hərarət və ya çeynəmə zamanı çətinlik yaranarsa, mütləq diş həkiminə müraciət edilməlidir.

 

Qeyd edək ki, vaxtında müalicə olunmayan diş problemləri daha ciddi fəsadlara yol aça bilər.

 

Əminə Bayramova

Tarix: 17 Dekabr 2025, 16:59   
Seçilən
77
22
pravda.az

10Mənbələr