ain.az, Azertag portalına istinadən məlumat verir.
London, 17 dekabr, AZƏRTAC
Böyük Britaniya hökuməti Roman Abramoviçin “Çelsi” futbol klubunun satışından əldə etdiyi 2,5 milyard funt sterlinqin Ukraynada humanitar məqsədlər üçün istifadəsi məqsədilə köçürülməsi üçün rəsmi lisenziya təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Baş nazir Kir Starmer bildirib ki, sanksiyalara məruz qalan milyarder bu vəsaiti könüllü şəkildə ayırmasa, hökumət məhkəmə yoluna əl atacaq.
İcmalar Palatasında çıxış edən Kir Starmer qeyd edib ki, Abramoviçə məxsus və 2022-ci ildən dondurulmuş vəsait Ukraynaya dəstək məqsədilə yaradılacaq yeni fonda yönəldiləcək. Onun sözlərinə görə, vəsaitin köçürülməsi üçün lisenziyanın verilməsi Abramoviç üçün hüquqi tədbirlərə əl atılmadan əvvəl son imkan hesab olunur.
Baş nazir vurğulayıb ki, Böyük Britaniya Ukrayna və onun müttəfiqləri ilə birlikdə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən zərər çəkən ukraynalılara yardım məqsədilə dondurulmuş Rusiya aktivlərindən istifadə yolları üzərində işləyir.
“Bu gün bəyan edirəm ki, “Çelsi” futbol klubunun satışından əldə olunan və 2022-ci ildən dondurulmuş vəziyyətdə saxlanılan 2,5 milyard funt sterlinqin köçürülməsi üçün rəsmi lisenziya təqdim edirik. Abramoviçə mesajım aydındır: vaxt gedir, verdiyiniz öhdəliyə əməl edin və bu vəsaiti ayırın. Əks halda, biz məhkəməyə müraciət etməyə hazırıq ki, hər qəpik qanunsuz müharibə nəticəsində həyatları alt-üst olmuş insanlara çatsın”,- deyə Kir Starmer bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.