AZ

İranda Zəngəzur dəhlizi ilə bağlı parçalanma: Pezeşkian müsbət, Xamenei çevrəsi qarşıdır

“İranda hakimiyyətin və ruhani idarənin Azərbaycanla münasibətlərə və Zəngəzur dəhlizinin açılmasına baxışları ciddi şəkildə fərqlənir. Hazırda ölkəyə rəhbərlik edən prezident Məsud Pezişkian və komandası Azərbaycan–İran münasibətlərinin inkişafına və Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşır”.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlqmasında deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, bu məsələdə əsas müqavimət İranın ali dini rəhbəri ayətullah Əli Xamenei və ona yaxın mühafizəkar çevrələrdən gəlir. Onun fikrincə, yanaşmalardakı bu fərqlilik tərəflərin İranın gələcək inkişaf modeli ilə bağlı baxışlarının zidd olmasından qaynaqlanır.

“Pezeşkian komandası İranın gələcəyini regional inteqrasiyanın genişləndirilməsində görür. Xamenei komandası isə ölkənin daha çox təcrid olunmuş vəziyyətdə qalmasını üstün tutur. Halbuki Zəngəzur dəhlizi İrana regional əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar yaradır”, – deyə deputat vurğulayıb.

Azər Badamov xatırladıb ki, Ermənistan rəhbərliyi dəfələrlə Zəngəzur dəhlizinin açılmasının İranın maraqlarına zidd olmadığını açıq şəkildə bəyan edib. Buna baxmayaraq, İranın ali rəhbərliyinə yaxın fiqurlar, xüsusilə Əli Əkbər Vilayəti TRIPP layihəsində ABŞ şirkətinin iştirakından narahatlıq ifadə edir və bunu İranın milli maraqlarına təhlükə kimi qiymətləndirir.

Deputat hesab edir ki, əksinə, ABŞ-nin TRIPP layihəsində iştirakı regionda davamlı sülhün və əməkdaşlığın formalaşmasına töhfə verə bilər.

Onun sözlərinə görə, İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının digər əsas səbəbi bu marşrutun Araz çayının sol sahili boyunca planlaşdırılan nəqliyyat yoluna rəqib olması ilə bağlıdır.

“İran tərəfi bütün kommunikasiya xətlərinin öz ərazisindən keçməsində maraqlıdır. Çünki tranzit daşımalar böyük iqtisadi gəlir deməkdir. Zəngəzur dəhlizinin açılması isə İran üzərindən keçən marşrutların əhəmiyyətini azalda bilər”, – deyə Azər Badamov bildirib.

Deputat sonda vurğulayıb ki, Xamenei komandası müxtəlif vasitələrlə Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışsa da, bu layihə artıq dəyişilməz reallıqdır və İranın mühafizəkar dairələri də gec-tez bu reallığı qəbul etməyə məcbur olacaq.

Digər müsahibimiz Tural İsmayılov bildirib ki, İranın Zəngəzur dəhlizi və onun ətrafında səsləndirilən “Tramp marşrutu” tezisinə qarşı sərt mövqeyi real təhlükəsizlik təhdidlərindən daha çox geosiyasi narahatlıqlarla bağlıdır.

Onun sözlərinə görə, İranın mühafizəkar dairələrini təmsil edən Əli Əkbər Vilayəti kimi fiqurların bu layihəni ölkənin milli təhlükəsizliyinə təhdid kimi təqdim etməsi mövcud reallıqla uzlaşmır.

Tural İsmayılov qeyd edib ki, Zəngəzur dəhlizi İranın mövcud tranzit imkanlarını məhdudlaşdıran və ya Tehranın regiondakı rolunu zəiflədən layihə deyil.

“İranın Şimal–Cənub nəqliyyat dəhlizi, logistika infrastrukturu və regional ticarət əlaqələri öz əhəmiyyətini saxlayır. Yeni kommunikasiya xətlərinin açılması mövcud marşrutları istisna etmir və heç bir dövlətin maraqlarına qarşı yönəlmir”, – deyə o vurğulayıb.

Politoloq İran daxilində bu mövzu ilə bağlı səslənən ziddiyyətli mövqelərə də diqqət çəkib. Onun sözlərinə görə, bir tərəfdən İran Xarici İşlər Nazirliyi Azərbaycanla münasibətlərin normallaşdırılması və dialoqun qorunması istiqamətində addımlar atır, digər tərəfdən təhlükəsizlik xəttini təmsil edən şəxslərin sərt bəyanatları Tehranın regionla bağlı vahid və ardıcıl siyasətinin olmadığını göstərir.

“Bu cür ziddiyyətli ritorika İranın öz maraqlarına da zərər verə bilər”, – deyə Tural İsmayılov əlavə edib.

ABŞ amili ilə bağlı iddialara münasibət bildirən politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin Vaşinqtonun regionda hərbi-siyasi mövcudluğunu artıracağı fikri əsaslı arqumentlərə söykənmir. Onun sözlərinə görə, söhbət hərbi deyil, regional kommunikasiyaların açılmasından və iqtisadi əməkdaşlığın genişlənməsindən gedir.

O, vurğulayıb ki, Azərbaycan bu məsələdə prinsipial mövqe sərgiləyərək bütün təşəbbüslərin suverenlik, qarşılıqlı hörmət və regional sabitlik prinsipləri çərçivəsində həyata keçirildiyini dəfələrlə bəyan edib.

Politoloq sonda bildirib ki, İranın bəzi qanadlarının Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyi real təhlükəsizlik çağırışlarından daha çox siyasi ehtiyatlanmalarla izah olunur və bu layihə nə İrana qarşı yönəlib, nə də onun regional maraqlarına ziddir.

Afət ZİYADQIZI

Seçilən
37
operativmm.az

1Mənbələr