AZ

Əfqanıstanda humanitar FƏLAKƏT: 17 milyon insan acından ÖLƏ BİLƏR

Əfqanıstanda bu qış milyonlarla insan aclıqdan öləcək.

İnterpress.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) məlumat yayıb. BMT-nin Ümumdünya Ərzaq Proqramı həyəcan təbili çalır: ailələr günlərlə ac qalır, uşaq ölümləri artır.

Məlumata görə, Əfqanıstan fəlakətə doğru gedir. Bu qış 17 milyondan çox insan aclıqdan ölmək təhlükəsi ilə üz-üzədir.

Təşkilat xəbərdarlıq edir ki, artıq bir çox ailələrdə günlərlə yemək tapılmır.

WFP-nin Əfqanıstan üzrə direktoru Con Eyliff vəziyyətin ciddiliyini belə izah edib:

“Komandalarımız ailələrin günlərlə qida qəbul etmədiyini və həyatda qalmaq üçün son çarələrə əl atdıqlarını müşahidə edir. Uşaqlar arasında ölüm halları artır və yaxın aylarda vəziyyət daha da pisləşə bilər”.

Qarşıdan sərt qış gəlir. Ölkə iqtisadi böhrandan, həmçinin quraqlıq və zəlzələlərin fəsadlarından əziyyət çəkir.

Ərzaq onsuz da çatışmırdı, indi isə bu problemə qonşu ölkələrdən əfqanların kütləvi deportasiyası nəticəsində milyonlarla qaçqının geri qayıtması da əlavə olunub.

Məlumata görə, geri qayıdanların çoxu taqətdən düşüb və heç nəyə sahib deyillər. Lakin ehtiyacın artmasına baxmayaraq, humanitar yardımın həcmi azalır.

Direktor Con Eyliff dünya ictimaiyyətinə səslənərək təkidlə çağırış edib:

“Biz Əfqanıstandakı böhranı yenidən ictimaiyyətin diqqət mərkəzinə gətirməliyik ki, ən həssas qrupdan olan əfqanlar layiq olduqları diqqəti görə bilsinlər”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
80
interpress.az

1Mənbələr