AZ

Rəna Nəsirova Mustafayeva: İçərişəhərin 25 ildir UNESCO siyahısında yer alması Azərbaycanın mədəni irsinə verilən yüksək qiymətin göstəricisidir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 dekabr, Günel Alıyeva, Tofiq Babayev, AZƏRTAC

Bu il İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 ili tamam olur. Bu tarix təkcə yubiley deyil, eyni zamanda ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə tanınmasının, ona verilən yüksək qiymətin və qorunmasının mühüm göstəricisidir.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva bildirib.

Onun sözlərinə görə, qoruq ərazisində yerləşən tarixi abidələrin bərpası və konservasiyası UNESCO-nun tələblərinə və qüvvədə olan normativlərə uyğun şəkildə həyata keçirilir, bu proseslər mütəmadi monitorinqlərlə müşayiət olunur.

“Bu monitorinqlər həm açıq formatda, həm də zərurət yarandıqda qapalı şəkildə təşkil edilir. Artıq 25 ildən çoxdur ki, UNESCO-nun Ümumdünya İrs Siyahısında qalmağımız son dərəcə mühüm göstəricidir. Bu, burada aparılan bütün işlərin beynəlxalq standartlara uyğun icra edildiyini təsdiqləyir”, – deyə vurğulayıb.

Gələcək planlardan danışan aparat rəhbərinin müavini hazırda “ağıllı qoruq” konsepsiyası üzərində iş aparıldığını qeyd edib.

“Bu konsepsiya çərçivəsində bir neçə fəaliyyət istiqaməti müəyyən edilib. Onların sırasında mobil tətbiqin hazırlanması, yenilənmiş veb-saytın istifadəyə verilməsi və müasir texnologiyaların tətbiqi yer alır. Məqsəd tarixi mühitin qorunmasının səmərəliliyini artırmaq və İçərişəhərin təhlükəsiz, eyni zamanda canlı mədəni məkan kimi inkişafını təmin etməkdir”, – deyə Rəna Nəsirova-Mustafayeva əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
azertag.az

2Mənbələr