AZ

Tramp müraciətində Venesuelaya qarşı müharibə elan etməyib

ABŞ prezidenti xalqa müraciətində Latın Amerikasındakı gərginliyi və Ukrayna mövzusunu diqqətdən kənarda saxlayıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp xalqa televiziya müraciəti ilə çıxış edib.

Gözləntilərin əksinə olaraq, o, Venesuelaya qarşı hərbi əməliyyatların başlanması barədə açıqlama verməyib və Latın Amerikasında artan gərginlikdən danışmayıb. Prezident çıxışı zamanı Ukraynadakı münaqişəyə də toxunmayıb. Tramp müraciətini əsasən əvvəlki administrasiyanın tənqidinə və öz komandasının əldə etdiyi nəticələrə həsr edib.

ABŞ prezidenti bildirib ki, ölkəni tarixində ən ağır vəziyyətdə təhvil alıb və hazırda bu vəziyyəti düzəltmək üçün çalışır. Onun sözlərinə görə, vəzifəyə başladığı vaxt ABŞ-də inflyasiya son 48 ilin, bəzi göstəricilərə görə isə ölkə tarixinin ən yüksək səviyyəsində olub. Tramp əvvəlki demokrat administrasiyanı ölkə daxilində və beynəlxalq aləmdə xaos yaratmaqda ittiham edib və vurğulayıb ki, indiki prezident qanuna tabe olan, zəhmətkeş amerikalıların maraqları uğrunda mübarizə aparır.

Tramp həmçinin qeyd edib ki, hazırkı administrasiyanın tədbirləri nəticəsində ABŞ-də son 50 ildə ilk dəfə miqrant axınının azalması müşahidə olunur. Onun sözlərinə görə, dəniz marşrutları ilə narkotik qaçaqmalçılığı 94 faiz azalıb. Prezident qarşıdakı il ərzində ABŞ-də 1600-dən çox elektrik stansiyasının fəaliyyətə başlayacağını da vəd edib.

Federal Ehtiyat Sisteminın növbəti rəhbərinin adını açıqlamayan Tramp bildirib ki, bu vəzifəyə əsas faiz dərəcələrinin azaldılmasının tərəfdarı olan bir şəxs təyin ediləcək.

Xatırladaq ki, amerikalı jurnalist Taker Karlson bir gün əvvəl Trampın xalqa müraciət zamanı Venesuelaya qarşı müharibə elan edəcəyini iddia etmişdi. Onun sözlərinə görə, bu məlumatı ona Konqres üzvlərindən biri verib. Lakin müraciət zamanı belə bir bəyanat səsləndirilməyib.

Bu gün ABŞ-də Venesuelaya qarşı hərbi əməliyyatların əleyhinə təqdim olunan qətnamə rədd edilib. Eyni zamanda, Tramp ABŞ-nin Venesuela nefti üzərində hüquqlarını geri qaytarmaq niyyətində olduğunu açıqlayıb.

Poliqon.info

Seçilən
66
poliqon.info

1Mənbələr