AZ

ABŞ Tayvana 4 milyard dollarlıq HIMARS satır

ain.az, Azpost portalına istinadən məlumat yayır.

ABŞ Tayvana yüksəkmobillikli reaktiv yaylım atəş sistemləri HIMARS-ın tədarükünü təsdiqləyib. Məlumata görə, mümkün silah satışı paketinin ümumi dəyəri təxminən 4,05 milyard dollar təşkil edir.

AzPost xəbər verir ki, bu barədə məlumat Pentaqonun Müdafiə Əməkdaşlığı Agentliyinin (DSCA) rəsmi saytında dərc olunan bildirişdə yer alıb. Sənədə əsasən, sövdələşmə çərçivəsində Tayvana təkcə HIMARS sistemləri deyil, həmçinin onlarla əlaqəli texniki avadanlıqlar, ehtiyat hissələri və logistika dəstəyi də təqdim olunacaq.

Qeyd olunur ki, rəsmi sifarişçi ABŞ-da Tayvanın maraqlarını təmsil edən Taybey İqtisadi və Mədəniyyət Nümayəndəliyidir (TECRO). Satışın məqsədi Tayvanın müdafiə qabiliyyətini gücləndirmək və regionda potensial təhdidlərə qarşı çəkindirici imkanları artırmaqdır.

ABŞ tərəfi bildirir ki, bu addım Tayvanın təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Asiya-Sakit okean regionunda sabitliyin qorunmasına xidmət edir. Vaşinqton uzun illərdir Tayvana silah tədarükünü “müdafiə xarakterli” əməkdaşlıq kimi təqdim edir.

Lakin analitiklər hesab edir ki, bu qərar ABŞ–Çin münasibətlərində yeni gərginlik dalğasına səbəb ola bilər. Rəsmi Pekin Tayvana silah satışına kəskin şəkildə qarşı çıxır və adanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edir. Daha əvvəl oxşar qərarlardan sonra Çin tərəfi ABŞ-a diplomatik etirazlar ünvanlayıb və hərbi təlimlərin intensivliyini artırıb.

HIMARS sistemləri yüksək dəqiqliyi və sürətli yerləşdirilmə imkanları ilə tanınır. Bu silahlar müasir döyüş şəraitində uzaqmənzilli hədəflərin məhv edilməsi üçün effektiv vasitə hesab olunur və son illər müxtəlif münaqişə zonalarında geniş istifadə olunub.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
1
azpost.info

2Mənbələr