AZ

Moskvadan Bakıya “Rus evi” israrı – dekabrın 25-dək…

Moskva-Bakı münasibətlərində təzədən xoşagəlməz tendensiyalar müşahidə olunmaqdadır. Belə görünür ki, Rusiyadakı bəzi dairələr növbəti dəfə Azərbaycandan və azərbaycanlılardan “əcinnə” düzəltməkdə maraqlıdır.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqin Bakıda ilin əvvəlində qapadılmış “Rus evi” ilə bağlı mesaj xarakterli açıqlama verib. Diplomat bildirib ki, Moskva “Rus evi”nin tezliklə fəaliyyətə başlayacağını ümidlə gözləyir.

Sitat: “Biz Rusiya və Azərbaycan Xarici İşlər nazirlikləri arasında münasibətlərimizin bütün gündəliyi, o cümlədən humanitar komponent üzrə əlaqələri davam etdirəcəyik. Biz eyni zamanda ölkələrimizin dost xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə vermiş Bakıdakı “Rus evi”nin tezliklə fəaliyyətə başlaması üçün qarşılıqlı məqbul həll yolları tapmağa sadiqik”.

Əgər adıçəkilən “mədəniyyət obyekti” uzun illər Azərbaycan dövləti əleyhinə casus yuvasına çevrildiyi üçün qapadılıbsa, hansı “əhəmiyyətli töhfə”dən söhbət gedir?

Kaluqinin “Rus evi” israrı Rusiyada soydaşlarımıza qarşı artan təzyiq kampaniyası fonunda xüsusi diqqət çəkir. İstisna deyil ki, xarici işlər nazirinin müavini Mixail Qaluzinin ötən həftə Bakıya qəfil və müəmmalı səfərinin hədəflərdən biri də bu olub.

Bəs Moskva niyə “Rus evi”nin açılmasında bunca israrlıdır?

Onu da qeyd edək ki, bir həftə sonra – dekabrın 25-də AZAL-a məxsus mülki təyyarənin Qroznı üzərində vurulmasının bir ili tamamlanacaq. Yada salaq ki, Azərbaycan tərəfi hələ Putinin Düşənbədə Prezident İlham Əliyevə verdiyi məlum vədlərə qədər faciə ilə bağlı beynəlxalq məhkəməyə müraciət edə biləcəyini bəyan etmişdi. Bəlkə rəsmi Moskva Bakı ilə hansısa siyasi bazarlığa ümid edir – “Rus evi” də daxil olmaqla…

Azərbaycan dövləti isə özünə hörmət edən müstəqil dövlətdir və bu cür məsələlərdə Rusiya Bakıdan “bazarlığa getmək” gözləyirsə, yanılır.

Politoloq Qabil Hüseynli  bildirdi ki, Moskvanın Bakıdakı “Rus evi”nin açılmasında israr etməsini bir neçə əsas siyasi, mədəni və strateji səbəblə izah etmək olar: “Rusiya Bakıdakı “Rus evi” məsələsində israr etməklə Cənubi Qafqazda təsirini qorumaq, yumşaq güc imkanlarını bərpa etmək istəyir. “Rus evi” Rusiyanın, ümumiyyətlə, xaricdə həyata keçirdiyi yumşaq güc siyasətinin əsas mexanizmlərindən biridir. Məlumdur ki, Rusiya tərəfi rəsmiyyətdə bu mərkəzlər vasitəsilə müxtəlif ölkələrdə rus dili və mədəniyyətinin təbliğ olunduğunu, təhsil proqramları və təqaüdlər təqdim edildiyini, gənclər və ziyalılarla əlaqələr qurulduğunu bəyan edir. Əslində bu, Rusiyanın regionda ictimai rəyə təsir imkanlarını qorumaq cəhdidir. Rusiya “rus evləri” vasitəsilə postsovet məkanında təsir dairəsini saxlamağa çalışır. Azərbaycan müstəqil xarici siyasət yürütməsinə baxmayaraq, Rusiya onu hələ də özünün hegemon olduğu postsovet məkanının mühüm ölkələrindən biri hesab edir və müstəqil siyasət yürüdən postsovet respublikalarını sevmir”.

Politoloq onu da deyib ki, Bakıda Türkiyə, Britaniya, Almaniya, Fransa və digər mədəniyyət mərkəzləri fəaliyyət göstərir: “Rusiya bu fonda öz mədəni-siyasi təsirinin gerilədiyi görüntüsünün yaranmasını istəmir və balans yaratmağa çalışır. İsrarın səbəblərindən biri də budur.

Moskva rəsmi olaraq iddia edir ki, Azərbaycanda rusdilli əhali var, rus dilində təhsil və mədəni fəaliyyətə tələbat mövcuddur. Bu arqument əslində daha çox siyasi məqsədləri ört-basdır edən humanitar əsaslandırma kimi çıxış edir. Ukrayna müharibəsindən sonra Rusiya Qərbin regiondakı təsirini təhlükə kimi görür. Ona görə də ən müxtəlif vasitələrlə regionda yerini möhkəmlətməyə çalışır. Bu vasitələrdən biri kimi “Rus evi”ni görürlər. Rusiyada bəzi dairələr üçün bu mövzu artıq təkcə bir mərkəzin açılması deyil, “harada geri çəkildik, harada mövqeyimizi qoruyuruq” məsələsidir və Bakı ilə münasibətlərdə status və nüfuz testi kimi qəbul olunur. Həmin dairələrin təkidi həm də bununla bağlıdır”.

Qeyd edək ki, Bakıdakı “Rus evi” (“Rossotrudniçestvo”nun nümayəndəliyi) 2025-ci ilin fevralında rəsmi olaraq bağlanıb. Azərbaycan Xarici İşlər Nazirliyi 3 fevral 2025-də Rusiyaya rəsmi məktubla “Rus evi”nin fəaliyyətinin dayandırılması barədə bildiriş göndərib və bağlanma qərarı 6 fevral 2025-də ictimaiyyətə açıqlanıb. “Rus evi” özü də fevralın 11-də xidmətlərini rəsmi olaraq dayandırmaq üçün tədbirlər gördüyünü bəyan edib və binanın üzərində yazılar sökülüb.

Rəsmi Bakı “Rus evi”nin bağlanmasına bir neçə əsas səbəb göstərib. Azərbaycan XİN bildirib ki, “Rus evi” yerli qanunvericiliyə uyğun hüquqi şəxs kimi qeydiyyatdan keçməyib və ona görə ölkə qanunlarını ciddi şəkildə pozub. Belə təşkilatların fəaliyyəti ölkənin qanunlarına uyğun olmalıdır, qarşılıqlı prinsiplər əsasında tənzimlənməli və ikitərəfli razılaşmalar çərçivəsində olmalıdır.

Bu addım Moskva ilə münasibətlərin gərginləşdiyi dövrdə Azərbaycan bəzi xarici təsirlərə və təhlükəsizlik narahatlıqlarına (məsələn, iddia olunan casusluq fəaliyyətləri barədə mediada çıxışlar) diqqət yetirərkən atılıb.

“Rus evi”nin bağlanması rəsmi olaraq qanuni və inzibati səbəblərə əsaslansa da, bu addım eyni zamanda Bakı ilə Moskva arasında diplomatik münasibətlərin gərginləşdiyi bir dövrdə atılıb.“Yeni Müsavat”

Seçilən
117
veteninfo.az

1Mənbələr