Bakı, 18 dekabr, AZƏRTAC
Əlilliyi olan şəxslərin sosial təminatı, tibbi-sosial reabilitasiyası və cəmiyyətə tam inteqrasiyası ölkəmizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin tapşırıqları ilə son 6 il ərzində ölkəmizdə ardıcıl şəkildə icra olunan 5 sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib, həyata keçirilən islahatlar nəticəsində sosial ödənişlərin maliyyələşdirilməsinə ümumilikdə 7,6 milyard manat əlavə vəsait ayrılıb. Bu islahatlar çərçivəsində sosial ödənişlərdə, o cümlədən əlilliyi olan şəxslərə ödənilən pensiya, müavinət və təqaüdlərdə əhəmiyyətli artımlar təmin edilib. Bununla yanaşı, son illər ölkəmizdə müasir reabilitasiya sisteminin qurulması istiqamətində mühüm addımlar atılıb.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev "Mediada inklüziv dildən istifadənin təşviqi" ilə bağlı keçirilən seminarda deyib.
Nazir müavini qeyd edib ki, reabilitasiya mərkəzlərinin şəbəkəsi genişləndirilib, qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan yeni reabilitasiya metodlarının tətbiqinə başlanılıb: "Görülən tədbirlərin nəticəsi olaraq, reabilitasiya xidmətləri ilə təmin olunan şəxslərin illik sayı 10 dəfədən çox, dövlət büdcəsi hesabına təqdim edilən reabilitasiya vasitələrinin növlərinin sayı təxminən 4 dəfə, bu vasitələrin illik sayı isə 3 dəfəyə yaxın artıb".