AZ

Azərbaycanda istehsalçılar üçün “xərclər” azalıb – Bu nə deməkdir?

Azərbaycanda 2025-ci ilin noyabr ayında sənaye məhsullarının istehsalçı qiymətləri illik müqayisədə ümumilikdə 8.8% azalıb. Banker.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu göstərici oktyabr ayında 9.7% azalma səviyyəsində idi.

Sahələr üzrə baxdıqda, neft-qaz sənayesi noyabr ayında 12.5% azalma ilə ən çox geriləyən sahə olub. Oktyabrda isə bu sahədə 14.6% azalma qeydə alınmışdı.

Qeyri-neft sənayesi isə noyabr ayında 3.9% artım göstərib. Bu göstərici əvvəlki ayda 4.3% artım səviyyəsində idi.

Alt sahələr üzrə dinamika qarışıq olub. Metal filizlərinin hasilatı sahəsində istehsalçı qiymətləri illik müqayisədə 49.6% artıb, halbuki oktyabrda bu artım 42.2% təşkil edirdi. Toxuculuq sənayesi 4.3%, qida məhsullarının istehsalı 7.6%, neft məhsullarının istehsalı isə 5.1% artım ilə seçilib.

Eyni zamanda, geyim istehsalı sahəsində 1.4% azalma, maşın və avadanlıqların istehsalında isə 2.3% azalma qeydə alınıb. Oktyabr ayında bu göstəricilər müvafiq olaraq 0.6% və 1.0% azalma səviyyəsində idi.

Qeyd edək ki, sənaye məhsullarının istehsalçı qiymət indeksi (PPI) istehsalçı səviyyəsində qiymət dəyişikliklərini ölçən əsas makroiqtisadi göstəricilərdən biridir. Bu indeks istehsal xərclərindəki artım və ya azalmanı əks etdirir və nəticə etibarilə son məhsul qiymətlərinə təsir göstərə bilər. Buna görə də PPI iqtisadiyyatda inflyasiya təzyiqlərinin ilkin göstəricisi hesab olunur.

Ölkədə əsas qiymət göstəricisi olan inflyasiya da son ayda azalma nümayiş etdirib. Belə ki, illik inflyasiya oktyabrda 5.9% olduğu halda, noyabr ayında 5.5%-ə düşüb.

Mərkəzi Bankın iyul ayı proqnozlarına əsasən, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilirdi. Lakin oktyabr proqnozunda bu göstəricilər müvafiq olaraq 2025-ci ildə 6%, 2026-cı ildə 5.7% səviyyəsinə yüksəldilib. Artım əsasən təklif amilləri ilə izah olunub.

Bununla belə, Azərbaycan Mərkəzi Bankı 10 dekabr tarixində faiz dəhlizini 0.25 faiz bəndi azaldaraq uçot dərəcəsini 6.75%, yuxarı həddi 7.75%, aşağı həddi isə 5.75% səviyyəsinə endirib. Ümumilikdə AMB-nin son açıqlamalarında inflyasiya ilə bağlı narahatlıqların növbəti aylar üçün azaldığına dair siqnallar müşahidə olunub. Xüsusilə, dekabr iclasının tonu oktyabr iclası ilə müqayisədə daha yumşaq qiymətləndirilir.

Digər tərəfdən, ölkədə idxal qiymətləri indeksi əvvəlki ilin eyni dövrü ilə müqayisədə oktyabr ayında 25% artım göstərib.

Seçilən
83
banker.az

1Mənbələr