Olaylar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev "Mediada inklüziv dildən istifadənin təşviqi" ilə bağlı keçirilən seminarda deyib.
Rəşad Mustafayev bildirib ki, Cənubi Qafqazda analoqu olmayan bu mərkəz və onun Bərdə, İsmayıllı filialları əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsində, onların cəmiyyətə inteqrasiyasında və ictimai həyata fəal cəlb olunmasında mühüm rol oynayır: "Nazirlik tərəfindən inklüzivliyin təşviqi istiqamətində kommunikasiya sahəsində də ardıcıl addımlar atılır. Sosial mediada eşitmə və nitq məhdudiyyəti olan şəxslər üçün həyata keçirilən "Surdo-İnfo" və "İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!" layihələri bu istiqamətdə mühüm təşəbbüslərdir. Cari ilin iyul ayından isə ölkəmizdə ilk dəfə olaraq "Səsiniz olaq" adlı onlayn surdotərcümə xidməti fəaliyyətə başlayıb. Bu xidmət eşitmə və nitq məhdudiyyəti olan şəxslərin müraciətlərinin işarət dilini bilməyən tərəflərə ötürülməsində "virtual körpü" rolunu oynayır".
Nazir müavini vurğulayıb ki, media ictimai rəyin formalaşmasında, mütərəqqi yanaşmaların və etik dəyərlərin təşviqində mühüm təsir gücünə malikdir: "Bununla belə, əlilliklə bağlı mövzularda bəzən köhnəlmiş və stereotipləri gücləndirən terminlərə hələ də rast gəlinir. Bu səbəbdən mediada inklüziv kommunikasiya məsələsi xüsusi diqqət və məsuliyyət tələb edir. Bu gün keçirilən seminar məhz mediada inklüziv dildən istifadənin təşviqinə, terminologiya ilə bağlı biliklərin artırılmasına, tövsiyə olunan və olunmayan ifadələr barədə aydınlıq yaradılmasına xidmət edir".