Azərbaycan Prezidenti İlham Əliyev suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, Amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.
Amnistiya təşəbbüsü ölkə ictimaiyyəti tərəfindın hərarətlə qarşılanıb.
Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Humanizm, mərhəmət prinsipləri onun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Onun Amnistiya aktının qəbul edilməsi ilə bağlı təşəbbüsü bir daha deyilənlərin sübutudur.
Ə.Nuriyev, ilk növbədə, “amnistiya və əfv” anlayışlarına aydınlıq gətirib. O, qeyd edib ki, Amnistiya Milli Məclis tərəfindən qəbul edilən normativ hüquqi aktdır, kütləvi xarakter daşıyır. Əfv isə Prezidentin fərdi səlahiyyətidir və konkret şəxslərə münasibətdə tətbiq olunur:
“Amnistiya aktının qəbulunda dövlətin ərazi bütövlüyünün müdafiəsinə qatılmış şəxslər, yəni Vətən müharibəsində iştirak edənlər; 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilən antiterror əməliyyatlarında iştirak edən şəxslər; həmin əməliyyatlarda həlak olmuş və ya xəsarət almış şəxslərin yaxın qohumları; Ermənistanın hərbi təxribatları nəticəsində zərərçəkmiş şəxslər; mülki əhaliyə qarşı hərbi təxribatlar nəticəsində zərərgörmüş şəxslər azad olunacaqlar.
Bununla yanaşı, sosial baxımdan həssas qruplar da amnistiya aktının əhatə dairəsinə daxil edilirlər. Buraya qadınlar, 60 yaşına çatmış və 60 yaşdan yuxarı şəxslər, azyaşlı uşaqları olan şəxslər, eləcə də digər humanitarəsaslı kateqoriyalar aid edilə bilərlər”.
Ə.Nuriyev deyir ki, bir qayda olaraq, amnistiya aktına cinayət xarakterinə görə böyük ictimai təhlükə törətməyən əməllər daxil edilir. Yəni az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş və ya cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin Amnistiya aktına düşmək ehtimalı daha yüksəkdir. Bu kateqoriyaya aid şəxslər tam azad edilə, cəza müddətləri azaldıla, cinayət məsuliyyətindən, ümumiyyətlə, azad oluna bilərlər.
Komissiya üzvünün sözlərinə görə, hüquqi praktikaya əsasən, adətən, Amnistiya aktı ağır və xüsusilə ağır cinayətlərə, terrorçuluğa, dövlətə xəyanətə, qəsdən adam öldürməyə, təkrar ağır zorakılıq cinayətlərinə şamil edilmir. Bu məsələlər Amnistiya aktının yekun mətnində dəqiq şəkildə göstərilir:
“Bu Amnistiya aktının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra, ölkə ərazisində qanunların bütövlükdə tətbiqi fonunda qəbul edilir və miqyas etibarilə daha geniş olacağı ehtimal edilir. Mətbuatda yayılan məlumatlar da bunu deməyə əsas verir. Qeyd edim ki, bundanəvvəlki Amnistiya aktı 2021-ci il Zəfər amnistiyası idi ki, 17 mindən artıq şəxsə şamil edilmişdi. Növbəti Amnistiya aktı isə 20 mindən artıq insanı əhatə edəcək. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bu təşəbbüs hüquqi dövlət prinsipləri, humanizm və mərhəmət dəyərləri, postmüharibə dövründə sosial reinteqrasiya, Konstitusiyanın ölkənin bütün ərazisində tam tətbiqi kontekstində qiymətləndirilməlidir”.
Milli Məclisin deputatı Sahib Alıyev hafta.az-a bildirib ki, Azərbaycanda müstəqillik qazanılandan indiyədək 13 amnistiya aktı qəbul olunmaqla, 117 min insana şamil olunub.

Deputat qeyd edib ki, son Amnistiya layihəsi 2021-ci ildə 8 Noyabr – Zəfər Günü ilə bağlı reallaşdırılan aktın davamı sayıla bilər:
“Gözlənilən amnistiyanın əhatə baxımından özündənəvvəlkilərdən daha böyük olması, yəni 20 min nəfər üçün nəzərdə tutulması tam təbiidir, çünki nəinki müstəqillik dönəmində, ümumiyyətlə, son bir neçə yüz ildə Azərbaycan tarixində çağdaş sərhədlərimiz çərçivəsində suverenliyin tam təmini qədər önəmli heç bir hadisə baş verməyib. Heç kəsə sirr deyil ki, suverenlik yoxdursa, əsl müstəqillikdən danışmaq mümkün deyil. Biz suverenliyimizi cənab İlham Əliyevin Slovakiya paytaxtında haqqında danışdığı Azadlıq müharibəsi nəticəsində əldə etdik. Həmin müharibə təkcə torpaqlarımızın işğaldan qurtarılması üçün aparılmırdı, həm də Konstitusiyamızın təntənəsinə, suverenliyimizin təmininə yönəlmişdi. Ən çətin hissəsi məhz diplomatik müstəvidə və cəbhədə də qat-qat güclü rəqiblərlə getdi. Müzəffər ali baş diplomatımızın qazandığı bu qələbə cəbhədəkinin davamı olsa da, əhəmiyyətliliyinə görə hələ tam dərk edilmir. Bəlkə buna da vaxt lazımdır. Çox istərdim ki, nəinki amnistiyaya düşənlər, onların doğmaları, yaxınları, hər kəs bilsin ki, torpaqlarımız üzərində suverenliyimizin təmini müstəqilliyimizin elanından da böyük uğurdur. Azərbaycan Prezidentinin dediyi o azadlıq müharibəsi bizə necə yanaşmalarından asılı olmayaraq, bütün qonşularımız – bütövlükdə Cənubi Qafqaz üçün də eyni mahiyyət daşıyır. Tarixdə ilk dəfədir ki, bu regionun geosiyasi subyekt kimi çıxış etmək şansı yaranıb. Ümid edirəm, xudbinliyi, bəzən, büruzə verilən alverçi yanaşmasını bir qırağa qoyaraq, bütün qonşularımız onu düzgün dəyərləndirəcəklər”.
Siyasi ekspert Əkbər Qoşalı hafta.az-a açıqlamasında deyir ki, humanizm siyasəti dövlətin gücündə, onun mərhəmətində görünür.

Ekspert, eyni zamanda, qeyd edir ki, dövlətin böyüklüyü, bəzən, sərt qərarlar, bəzən də bağışlama cəsarəti ilə üzə çıxır ki, hər iki halda prinsipial mövqe vardır.
“Tarix göstərir ki, güclü dövlətlər cəza ilə yanaşı, ümid də verə bilənlərdir. Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü məhz bu mənəvi-siyasi xəttin davamı, inkişafıdır: hüququn sərt çərçivəsində belə, insanı unutmayan dövlət təfəkkürünün yüksək ifadəsidir.
Bu təşəbbüs, ilk növbədə, hüquqi akt olmaqla yanaşı, özünəxas fəlsəfi və mədəni mahiyyət daşıyır. Amnistiya öz ifadəsini yalnız azadlığa çıxmaqla tapmır; bu, insanın topluma yenidən qayıdışı, sosial yaddaşın təzələnməsi, yanlışlardan nəticə çıxarmaq üçün verilən ikinci şansdır. Dövlət burada təkcə hakim rolunda çıxış etmir, həm də mənəvi tərəfdaş kimi davranır”.
Ekspert, eyni zamanda, qeyd edir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsində “humanizm” anlayışı heç vaxt deklarativ olmayıb.
“O, hüquqla mərhəməti, dövlətlə vətəndaşı qarşı-qarşıya qoymadan, eyni xətt üzərində birləşdirə bilmiş şəxsiyyət idi. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət də həmin düşüncə sisteminin çağdaş davamıdır: güclü dövlət – qorunan insan modeli.
Özəlliklə Konstitusiyamızın yubileyi, suverenliyimizin tam bərpası kimi tarixi mərhələdə belə bir humanitar addımın atılması rəmzi və dərin anlam daşıyır. Bu, keçmişi xatırlamaqdan daha çox, gələcəyə ismarıcdır. İsmarış ondan ibarətdir ki, dövlət qisasla yox, ədalətlə, sərtliklə yox, məsuliyyətli humanizmlə yol gedir.
Amnistiya toplum üçün də bir sınaqdır. Azadlığa çıxanların yenidən topluma inteqrasiyası, sosial məsuliyyətin bölüşdürülməsi, bağışlama mədəniyyətinin gücləndirilməsi bu prosesin ayrılmaz hissəsidir. Dövlət yol açır, amma toplum da bu yolda iştirakçı olmalıdır. Humanizm siyasi qərar olmaqla birgə, ümummilli davranış modelidir.
Bəli, bu nəcib təşəbbüs bir daha göstərir ki, Azərbaycan modeli yalnız iqtisadi inkişaf və geosiyasi mövqelərlə ölçülmür; bu modelin mərkəzində insan dayanır – hüququ olan, yanlışlar edə bilən, amma düzəlmək imkanı verilən insan. Və bəlkə də dövlətin əsl gücü, azadlığa buraxdığı insanın toplum üçün yararlı bir vətəndaşa çevriləcəyinə inanmaq cəsarətindədir”, – Ə.Qoşalı deyir.
Milli Məclisin İnsan haqları komisiyasının üzvü Naqif Mirzəyev Gəncə seçiciləri adından belə bir Amnistiya aktına görə, Prezidentə dərin təşəkkürünü ifadə edib.

O, bildirib ki, bu akt çox insanın gözləntisini reallaşdıracaq:
“Bu, müstəqillik dönəminin ən böyük Amnistiya aktıdır. Xüsusilə də “Konstitusiya və Suverenlik İli”ndə belə bir humanist addımın atılmasını alqışlayırıq. Bu, dövlət başçısı tərəfindən amnistiya olunanlara verilmiş ikinci şansdır”.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli hafta.az-a bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı Azərbaycan dövlətinin humanist mahiyyətini ortaya qoyan faktor kimi dəyərləndirilməlidir.

“Dövlətin gücü təkcə onun cəza mexanizmlərində deyil, eyni zamanda, onun vətəndaşına münasibətinə sərgilədiyi davranışlarda da büruzə verir. Yalnız güclü dövlətlər öz vətəndaşlarının, cinayət törətsələr belə, islah olunacaqlarına inanırlar”, – deputat deyib.
E.Mirzəbəyli, o cümlədən qeyd edir ki, bu, dövlət başçısı tərəfindən amnistiya olunanlara verilmiş ikinci şansdır. Eyni zamanda, Azərbaycan dövlətinin məhz humanizm prinsipləri üzərində qurulduğunu, hüququn özündə də məhz humanizm fəlsəfəsinin dayandığının təsdiqidir:
“Ümid edirəmi, azadlıqlarına qovuşacaq vətəndaşlarımız cəmiyyətə inteqrasiya olunacaq və ölkəmizin inkişafı naminə həyata keçirilən siyasətin içərisində yer almağa çalışacaqlar”.
Deputat Ceyhun Məmmədov hafta.az-a açıqlamasında Prezident tərəfindən irəli sürülən amnistiya təşəbbüsünü yüksək dəyərləndirib.

O, qeyd edib ki, bu Amnistiya aktı Azərbaycanda ilk deyil, Ulu Öndərin dövründə də dəfələrlə bu cür humanist addımların atıldığı müşahidə edilib.
Deputat bu cür humanist addımların Prezident İlham Əliyev tərəfindən də bir neçə dəfə irəli sürüldüyünü və bu yöndə müsbət qərarlar qəbul olunduğunu vurğulayıb:
“Bu, dövlətimizin, Prezidentin humanizminin, vətəndaşa diqqətin, qayğının göstəricisidir. İnanırıq ki, azad olunan insanlar da dövlətin onlara göstərdiyi bu yüksək etimadı, humanizmi nəzərə alaraq gələcək fəaliyyətlərində bu prinsipləri qoruyacaqlar”.
Tahirə Qafarlı