AZ

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var

Berlin, 18 dekabr, AZƏRTAC

Avropa İttifaqı Şurasının bu iclasında bizim bir əsas məqsədimiz var və bu, Ukrayna üçün dayanıqlı sülhün təmin edilməsidir. Bunun üçün isə Ukraynanın qarşıdakı iki il - 2026-cı və 2027-ci illərdə etibarlı maliyyə təminatına ehtiyacı var.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən iclasından əvvəl media nümayəndələrinə açıqlamasında deyib.

Avropa İttifaqının əvvəlki iclasda Ukraynanın növbəti iki il üçün maliyyə boşluğunu aradan qaldırmaq öhdəliyini üzərinə götürməsinin önəmini qeyd edən U.Lyayen bildirib: “Söhbət 137 milyard avrodan gedir. Bu məbləğ həm bizim öz hesablamamız, həm də Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsidir. Biz bu məbləğin üçdə ikisini, yəni, 90 milyard avroluq hissəsini ödəməyi öhdəmizə götürmüşük”.

O, müzakirələrin iki variant - Avropa İttifaqının büdcəsi və ya reparasiya krediti mexanizmi vasitəsilə həyata keçirilməsinə dair aparılacağını diqqətə çatdırıb. “Bu gün müzakirələrimiz hansı variantdan istifadə edəcəyimiz üzərində olacaq. Bu müzakirələr intensiv keçəcək. Mənim üçün ən vacib məsələ günün sonunda Ukrayna üçün qarşıdakı iki il üzrə maliyyələşmənin təmin olunmasıdır”, - deyə U.Lyayen qeyd edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
96
3
azertag.az

4Mənbələr