"Rusiyanın parçalanmasını arzulayan Avropanın donuz balaları özləri hakimiyyətlərini itirəcəklər..."
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında çıxış edərək həm hərbi planlar, həm də beynəlxalq vəziyyətlə bağlı bir sıra sərt və rezonans doğuran açıqlamalar verib.
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" nəşri məlumat yayıb.
Putinin çıxışı Kremlin müharibə kursundan geri çəkilmək niyyətində olmadığını, əksinə, ritorikanın daha da kəskinləşdiyini göstərib.
Yeni silahlar və nüvə prioriteti
Putin bildirib ki, hipersəsli raketlə təchiz olunmuş orta mənzilli "Orejnik" raket kompleksi ilin sonunadək döyüş növbətçiliyinə qəbul ediləcək. Onun sözlərinə görə, bu raket ötən ilin noyabrında ilk dəfə döyüş şəraitində sınaqdan keçirilib.
Rusiya lideri həmçinin "Burevestnik" qeyri-məhdud uçuş məsafəsinə malik raketin və "Poseydon" pilotsuz sualtı aparatının uğurlu sınaqlarını xatırladıb. Onun vurğuladığına görə, nüvə reaktorları ilə təchiz olunan bu silahlar Rusiyanın təhlükəsizliyini onilliklər boyu təmin edəcək. Putin strateji nüvə silahlarının təkmilləşdirilməsini əsas prioritet adlandıraraq, bu arsenalın qlobal balansın qorunmasında həlledici rol oynadığını deyib.
O, 2025-ci ildə Rusiya Hərbi Dəniz Donanmasının tərkibinə 19 gəmi və bir neçə sualtı qayığın, o cümlədən "Knyaz Pojarski" strateji raketdaşıyıcısının daxil edildiyini açıqlayıb. Quru qoşunlarına yüksək dəqiqlikli raket sistemləri, pilotsuz uçuş aparatları və robot texnikası, HHQ arsenalına isə planlaşdırma və korreksiya modullu aviasiya bombaları verilib.
Cəbhədə vəziyyət və "xüsusi hərbi əməliyyat" iddiaları
Putinin sözlərinə görə, 2025-ci il ərzində Rusiya qoşunları "xüsusi hərbi əməliyyat" çərçivəsində 300-dən artıq yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. O, Rusiya ordusunun bütün cəbhə xətti boyunca təşəbbüsü əlində saxladığını iddia edib.
Rusiya prezidenti Şimali Koreya hərbçilərinin Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı əməliyyatlarda iştirak etdiyini də təsdiqləyib. Onun sözlərinə görə, koreyalı hərbçilər rus əsgərləri ilə birgə döyüşüb və minalardan təmizləmə işlərinə cəlb olunublar.
Müdafiə naziri Andrey Belousov isə bildirib ki, 2025-ci ildə Rusiya ordusu ötən illə müqayisədə üçdə bir daha çox əraziyə nəzarət edib, irəliləmə tempi isə 1,5-2 dəfə artıb. O, Ukrayna müdafiəsinin dağılmasını "qaçılmaz" adlandırıb və S-500 HHM sisteminin döyüş növbətçiliyinə qəbul edildiyini açıqlayıb.
Putin bir daha bəyan edib ki, "xüsusi hərbi əməliyyat"ın məqsədləri istənilən halda yerinə yetiriləcək və qarşı tərəf danışıqlara hazır olmazsa, Rusiya bunu "döyüş meydanında" edəcək.
"Avropanın donuz balaları insanlarda müharibə qorxusu yaradır"
Çıxışın ən qalmaqallı hissəsi Putinin Qərbə yönəlik ritorikası olub. O, Avropada insanlara Rusiya ilə qaçılmaz müharibə qorxusunun yeridildiyini iddia edərək bunu "yalan və cəfəngiyat" adlandırıb, avropalı siyasətçiləri isə açıq şəkildə "donuz balaları" ifadəsi ilə təhqir edib.
Putin ABŞ-ın əvvəlki administrasiyasını Ukrayna münaqişəsini qızışdırmaqda günahlandırıb və Avropa liderlərinin bu xəttə qoşularaq Rusiyanın zəiflədilməsindən faydalanmağa çalışdıqlarını deyib. Onun sözlərinə görə, bu cəhdlər iflasa uğrayıb və Avropadakı mövcud siyasi elitalar nəticə etibarilə hakimiyyəti itirəcəklər.
Eyni zamanda, Rusiya prezidenti Moskvanın diplomatiyaya tam qapalı olmadığını, ABŞ prezidenti Donald Trampın sülh təşəbbüslərinə açıq olduqlarını, lakin Avropa ilə real dialoqun yalnız siyasi elitalar dəyişəndən sonra mümkün ola biləcəyini bildirib.
Beynəlxalq media isə Putinin bu açıqlamalarını Kremlin kompromisə getmək niyyətində olmadığının növbəti sübutu kimi qiymətləndirir. Analitiklərə görə, "tarixi torpaqlar" ritorikası Rusiyanın Ukraynanın cənub-şərqindəki planlarından imtina etmədiyini göstərir.