Ajans.az xəbər portalında və sosial şəbəkələrdə “AID Group” şirkəti və şirkətin rəhbəri, tanınmış aparıcı Nigar Fərhad haqqında yayılan məlumatlarla bağlı ictimaiyyətə rəsmi mövqeyimizi bildiririk. İlk növbədə qeyd edək ki, AID Group uzun illərdir təhsil konsultasiyası sahəsində fəaliyyət göstərən, yüzlərlə gəncin Avropa, Amerika, Kanada və digər xarici ölkələrin nüfuzlu universitetlərinə qəbulunda uğurla vasitəçilik etmiş, peşəkar komandaya və şəffaf iş prinsiplərinə malik şirkətdir. Şirkət fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun, müştərilərlə bağlanmış rəsmi müqavilələr əsasında həyata keçirir. Media resursunda yer alan iddialar birtərəfli mövqeyə əsaslanır və məsələ ilə bağlı qarşı tərəfin, şirkətin rəsmi mövqeyi nəzərə alınmadan yayımlanıb. Bildiririk ki, “AID Group” heç bir müştərinin müraciətini diqqətsiz qoymur. Hər bir müraciət ayrıca araşdırılır və ödənişlərin geri qaytarılması məsələsi yalnız müqavilədə açıq şəkildə göstərilən şərtlər çərçivəsində mümkündür. Qeyd olunan müraciət araşdırılıb və vətəndaşın məsələsi müsbət həllini tapıb. Daha dəqiq desək müştəri ilə əlaqə saxlanılıb və məsələ hüquqi və müqavilə öhdəliklərinə uyğun şəkildə həll olunub. Sosial şəbəkələrdə yayılan fərdi fikirlər hüquqi qərar və ya rəsmi nəticə hesab edilə bilməz.