AZ

Həkimdən XƏBƏRDARLIQ: “Uşaqlar lazımsız yerə rentgen ediləndə…”

Son vaxtlar həm böyüklər, həm də uşaqlar arasında xəstəliklərin yayılması valideynlərin narahatlığını artırıb. Xüsusilə yüksək qızdırma ilə bağlı valideynlər tez-tez uşaqlarını rentgen müayinəsinə göndərməyə meyllidirlər.

Bəs qızdırma təkbaşına rentgen üçün kifayətdirmi?

Xüsusilə, uşaqlar üçün rentgen müayinəsi yalnız ciddi hallarda tövsiyə olunur. COVID-19 pandemiyası dövründə də bu, geniş yayılmış bir problem idi - uşaqlar “bildi-bilmədi” rentgenə aparılırdı. Valideynlər iddia edir ki, bəzi həkimlər lazımsız yerə uşaqlara rentgen müayinəsindən keçməyi tapşırır.
Həkim-pulmonoloq Əsəd Beydullayev Musavat.com-a bildirib ki, rentgen və digər tibbi müayinələr həkimin istifadə etdiyi diaqnostik “alətlərdir”. Onun sözlərinə görə, hər bir müayinə yalnız həkimin qərarı ilə edilməlidir: “Təəssüf ki, insanlar özbaşına müayinələrdən istifadə edirlər. Bu, düzgün deyil və zərərlidir. Son vaxtlar həm böyüklər, həm də uşaqlar arasında qızdırmanın çox olması, fəsli xarakterli qrip xəstəliklərinin yayılması ilə bağlıdır.

Attachment

Bu xəstəlikdən əksər insanlar – 100 xəstədən 90-ı – 3-4 gün ərzində sağalır və yalnız bəzi simptomlar qalır. Lakin bəzi xəstələrdə qızdırma 3-4 gündən artıq davam edir və əlamətlər daha ciddi olur. Öskürək, bəlğəm və hətta nəfəs darlığı yaranarsa, rentgen müayinəsi əvəzolunmazdır. Bu zaman qan analizi ilə birgə rentgen uşağın ağ ciyərlərində pnevmoniya kimi təhlükəli xəstəlikləri aşkarlamaq üçün ən etibarlı vasitədir. Xəstənin vəziyyəti çox ağır olarsa, həkim kompüter tomoqrafiyaya (KT) da müraciət edə bilər. Pediatrik xəstələrdə bu mövzu xüsusilə diqqət tələb edir, çünki uşaqların anatomiyası daha zərifdir və düzgün yanaşma vacibdir. Rentgenin sayı isə həkim tərəfindən tənzimlənməlidir. Ehtiyac olmadan bir dəfə də olsa, on dəfə də olsa rentgen çəkmək zərərlidir. Qeyd edim ki, bir KT müayinəsi təxminən 200 rentgen şüasına bərabərdir və lazımsız yerə edildikdə çox zərərlidir”.

Əsəd Beydullayevin tövsiyəsi belədir: “Əgər uşaqda qızdırma 3 gündən artıq davam edir, bəlğəmli öskürək və nəfəs darlığı varsa, mütləq pediatr həkim müayinəsinə müraciət olun. Özbaşına və ya tanışların tövsiyəsi ilə rentgen və ya KT müayinəsi etmək uşağın sağlamlığı üçün risklidir”.

Musavat.com

Seçilən
65
2
ekologiya.az

3Mənbələr