Növbəti illərdə İcbari Tibbi Sığorta Agentliyinin Xidmətlər Zərfinin əhatə dairəsinin genişləndirilməsi əsas prioritetlərdən biridir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova Far.Az-in sorğusuna cavab olaraq bildirib ki, 2026-cı ildən etibarən ürək-damar, neyrocərrahiyyə, ümumi cərrahiyyə, uroloji, oftalmoloji, travmatologiya və laborator xidmətlər üzrə yeni tibbi xidmətlərin əlavə edilməsi planlaşdırılır. Xüsusilə kəsiksiz damar əməliyyatları, travmatoloji müdaxilələr, qarın boşluğu və baş-beyin əməliyyatları kimi mürəkkəb cərrahi prosedurların Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur.
Agentlik həmçinin 2026-cı ildən etibarən resept əsasında yazılan bəzi dərman preparatlarının da təminata daxil ediləcəyini bildirib. İlk mərhələdə ürək-damar xəstəlikləri, xüsusilə hipertoniya diaqnozu olan şəxslər üçün dərman təminatı həyata keçiriləcək. Sonrakı mərhələlərdə mədə-bağırsaq və tənəffüs sistemi xəstəliklərinin müalicəsində istifadə olunan dərmanların da təminata əlavə ediləcəyi gözlənilir.
Qeyd edilib ki, ev şəraitində istifadə üçün nəzərdə tutulan dərmanlar icbari tibbi sığorta hesabına yalnız elektron resept əsasında qarşılanacaq. Bu addımın məqsədi xidmətlərin şəffaflığını artırmaq və dərman təminatının nəzarətli şəkildə həyata keçirilməsini təmin etməkdir.
Şahanə Xankişiyeva