AZ

2025-ci ilin ən fəal sahibkarları mükafatlandırılıb

2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən fəal sahibkarlar mükafatlandırılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilib. Tədbirdə 300-dən çox iş adamı, startap, biznes assosiasiyaların nümayəndələri, millət vəkilləri və dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev sahibkarlığın inkişafının yeni iş yerlərinin yaradılmasına və əhalinin rifah halının yüksəldilməsinə mühüm töhfə verdiyini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildən həyata keçirilən 5 sosial islahat paketi nəticəsində sosial ödənişlərdəki artımları, əmək müqavilələrinin sayının 45% və ya 595 min artdığını, bu artımın 92%-nin özəl sektorun payına düşdüyünü diqqətə çatdırıb.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2025-ci ilin iqtisadi mənzərəsi və özəl sektorun inkişaf göstəriciləri barədə məlumat verib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində ölkəmizdə iqtisadi mühit təkmilləşib, sahibkarların rəqabət qabiliyyəti artıb, ölkənin beynəlxalq nüfuzu güclənib və xarici investisiyaların cəlbi üçün əlverişli şərait yaranıb. İqtisadi siyasətin əsas istiqamətlərindən olan qeyri-neft-qaz sektorunun inkişafı nəticəsində bu sahə 2021-2024-cü illərdə hər il orta hesabla 6,7% artıb və onun iqtisadiyyatda payı 68%-ə yüksəlib, hazırda bu rəqəm 70%-dən çoxdur. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Qabaqcıl ideyaların tətbiqi, dövlət-özəl tərəfdaşlıq mexanizmləri və həyata keçirilən islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4% səviyyəsindədir. Son illərdə dövlətin əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər qısa müddətdə qayıtmasıdır. Dövlət və özəl sektor əməkdaşlığı bu sahədə də özünü müsbət mənada göstərir və bizneslər Böyük Qayıdış prosesində fəal iştirak edirlər.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov isə çıxışlarında KOB-ların dayanıqlı və davamlı iqtisadi inkişafda artan rolu, dövlət-özəl əməkdaşlığı barədə fikirlərini bölüşüblər.

Sonra 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə “Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar “Azad olunmuş ərazilərdə uğurlu biznes”, “Əlillik məhdudiyyət deyil”, “İlin investoru”, “Uğurlu qadın sahibkar”, “Ölkədə turizmin inkişafı”, “İnnovativ həllər”, “Ekoloji məsuliyyət”, "Uğurlu istehsalçı", “Fəal ixracatçı şirkət”, "Halal biznes", “Yeni nəfəs, yeni görüntü”, "Uğurlu startap", “Milli biznesin beynəlxalq təsir gücü”, “Tekstil – peşəkar fəaliyyət”, “Rabitə xidmətlərinin inkişafı”, “Kənd təsərrüfatında uğur” və “Naxçıvanda uğurlu biznes” nominasiyaları üzrə mükafatlandırılıblar.

Eyni zamanda tədbir çərçivəsində KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsinin qalibləri təqdim edilib. Qeyd edək ki, KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək 7 qrant müsabiqəsi keçirilib. 7-ci qrant müsabiqəsi çərçivəsində 30 KOB subyektinin layihəsinə 525 min manat olmaqla, ümumilikdə indiyədək keçirilmiş müsabiqələr çərçivəsində KOB-ların 129 layihəsinə 2,2 milyon manatdan çox qrant vəsaiti ayrılıb.

Həmçinin tədbirdə 2025-ci ildə uğur qazanmış sahibkarlar uğur hekayələrini bölüşüb, startaplar innovativ layihələrini təqdim edib, sahibkarlıqla bağlı film nümayiş olunub.

Seçilən
25
8
vergiler.az

9Mənbələr