Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Azərbaycanın istehsalı olan benzinin Ermənistana tədarükünün fasiləsiz həyata keçiriləcəyini bildirib.
KONKRET.az xəbər verir ki, nazirin sözlərinə görə, əsas məqsəd biznes münasibətlərini qarşıdurma müstəvisindən çıxarıb ticarət platformasına yönəltməkdir.
“Bizim vəzifəmiz ticarətin aparıla biləcəyi bir mühit formalaşdırmaq idi. Müharibə itkilər və qurbanlar gətirir, ticarət isə rifah yaradır”, – deyə Papoyan vurğulayıb.
Bakı ilə azərbaycan yanacağının davamlı tədarükü ilə bağlı konkret razılaşmanın olub-olmaması barədə suala nazir müsbət cavab verib. O qeyd edib ki, belə bir razılaşma mövcuddur, lakin tədarükün davamlılığı gələcək bazar şərtlərindən asılı olacaq.
Eyni zamanda, Papoyan azərbaycan benzininin Ermənistan bazarında hansı qiymətlə satılacağı ilə bağlı dəqiq məlumat verə bilməyib. Onun sözlərinə görə, ilk tədarük zamanı qiymətlər standart olmayıb və növbəti partiyada da oxşar vəziyyətin yaşanması mümkündür.
“Daha stabil və aydın bazar konfiqurasiyası formalaşdıqdan sonra qiymətlərlə bağlı dəqiq məlumat vermək mümkün olacaq”, – deyə Ermənistanın iqtisadiyyat naziri əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az