Hindistanın Carkhand ştatında sayı 42 filin olduğu sürü daxil olduqları kəndlərin sakinlərinə hücum edərək bir neçə saat ərzində 4 nəfərin ölümünə səbəb olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İlk hücum 16 dekabrda, yerli vaxtla axşam saatlarına yaxın baş verib.
Şahidlərin sözlərinə görə, ərazi sakinləri yol kənarında dincələn fil sürüsünə yaxınlaşaraq onlarla şəkil çəkdirməyə çalışıblar.
Fillərdən biri özünə həddindən artıq yaxınlaşan 33 yaşlı kişini tapdalayıb öldürüb.
Gecənin irəliləyən saatlarında eyni sürü başqa bir kəndə daxil olduqdan sonra fillərin çıxardığı yüksək səsdən qorxan sakinlər evlərindən qaçmağa başlayıblar.
Yaranan qarışıqlıq zamanı 40 və 45 yaşlarında iki qadın fillər tərəfindən tapdalanaraq həyatını itirib.
Sonradan sürünün hücumuna məruz qalan 35 yaşlı motosiklet sürücüsü də ölüb.
Sürünün daxil olduğu kəndlərdə yaralananların olduğu, həmçinin evlərə ziyan dəydiyi bildirilib.
Bölgə rəsmiləri qruplar halında hərəkət edən sürünün 42 fildən ibarət olduğunu açıqlayıb.
Qeyd olunur ki, sürü hələ də bölgədə aktivdir və hüquq-mühafizə orqanları əraziyə cəlb olunub.