Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin paytaxtı Doha şəhərində BMT-nin Korrupsiyaya qarşı Mübarizə üzrə Konvensiyasına Tərəf Dövlətlərin 11-ci Assambleyasında iştirak edir.
Doğru.az xəbər verir ki, tədbir çərçivəsində Baş prokuror BMT-nin Korrupsiyaya qarşı Mübarizə aparan hüquq mühafizə orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin panel müzakirələrinə qatılıb. Şəbəkə rəhbərliyi Azərbaycanın qurumun fəaliyyətinə verdiyi mühüm töhfəni yüksək qiymətləndirərək təşəkkürünü bildirib.
Kamran Əliyev çıxışında Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində BMT və digər beynəlxalq təşkilatların layihələrində fəal iştirak etdiyini, xarici tərəfdaşlarla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. O, bu ilin may ayında Bakıda keçirilən Qlobal Əməliyyat Şəbəkəsinin 6-cı Plenar Sessiyasının məhsuldar nəticələr verdiyini vurğulayıb.
Qeyd olunub ki, 90-dan artıq ölkədən 300-dən çox nümayəndənin iştirak etdiyi Bakı görüşləri zamanı şəbəkə üzvləri arasında məlumat mübadiləsinə dair Nümunəvi Razılaşma və Aparıcı Göstərişlər qəbul edilib.
Assambleya çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və Yaşıl İqlim Fondunun birgə təşkilatçılığı ilə ətraf mühitin mühafizəsinə həsr olunmuş xüsusi sessiya da keçirilib. Sessiyada Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev ətraf mühitin qorunması sahəsində görülən preventiv tədbirlər və tətbiq olunan məsuliyyət mexanizmləri barədə məlumat verib.
Assambleyanın növbəti plenar iclasında səsvermə nəticəsində Assambleya sədrinin Şərqi Avropa regionu üzrə müavini seçilmiş Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Vyana bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Rövşən Sadıqbəyli iclasa sədrlik edib.
Plenar sessiyada iştirakçı ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində milli səviyyədə həyata keçirdiyi tədbirlərə dair hesabat məruzələri dinlənilib.
Assambleya dekabrın 19-dək işini davam etdirəcək.
DOĞRU.AZ
