AZ

DÖYÜŞ MEYDANINDA ŞƏHİD ƏMİMİN QİSASINI ALDIM

Sizinlə Azərbaycanımızın gözəl, bərəkətli rayonlarından biri olan Cəlilabadın Xanəgah kəndində sadə, halal zəhməti ilə dolanmış, öz güzəranında firavan yaşamış bir ailənin həyat hekayəsini paylaşmaq istəyirəm. Kiçik bir ev, isti ocaq, süfrəsi ruzili ailə ata, ana və yeddi uşaqdan ibarət idi. 1957-ci ildən əvvəlcə Bakının Lökbatan qəsəbəsində, sonra isə Xırdalan şəhərində məskunlaşıblar.

Ailə başçısı Bəybala Binyətov, ömür-gün yoldaşı isə Şamayıl Binyətova adlı nurüzlü bir xanım idi. Övladların ayrı-ayrılıqda adlarını sadalamayacağam. Əsas qəhrəmanımızı tanısaq, kifayət edər - şəhid Binyətov İlyas Bəybala oğlu. Bəli, şəhidlik zirvəsinə yüksəlmiş, adını yaşatdığım əmimdən və Vətən müharibəsi iştirakçısı kimi öz döyüş yolumdan bəhs edəcəyəm.

İlyas Binyətov 12 fevral 1971-ci ildə dünyaya gəlib. Qismətə bax ki, o, anası ilə eyni gündə və ayda doğulub. İlyas Abşeron rayonunun Xırdalan şəhərindəki 2 və 3 saylı tam orta məktəblərdə, habelə 8 saylı texniki peşə məktəbində təhsil alıb. Sonra Təmir-tikinti trestində işləyib. 1989-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Rusiya Federasiyasının o vaxtkı Kuybışev (indiki Samara) şəhərində SSRİ DİN-in Daxili Qoşunlarının tərkibində nümunəvi hərbi xidmət keçib. 1991-ci ilin iyun ayında hərbi xidmətdən tərxis olunaraq, doğulub boya-başa çatdığı Vətəninə qayıdıb.

Həmin dövrdə ölkəmizin üzərini qara buludlar bürümüşdü. Xalqımız Ermənistanın torpaqlarımıza qarşı hərbi təcavüzü ilə üz-üzə qalmışdı.

Əmim döyüşlərə qatılmaq üçün dəfələrlə könüllü olaraq hərbi komissarlığa müraciət edib. Nəhayət, 1992-ci ilin sentyabr ayının 20-də babam Bəybala kişi onu müqəddəs kitabımız olan “Qurani-Kərim”in altından keçirərək, Allahın himayəsinə sığınmağı söyləyib və oğluna son dəfə xeyir-dua verib. Ardınca o, Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə yola salınıb.

İlyas şəxsi hərbi təcrübəsinə və bacarığına güvənərək komandirlərin əmr və tapşırıqlarını böyük peşəkarlıqla yerinə yetirib. Həmişə əsgər yoldaşlarına öz köməyini əsirgəməyib.

1992-ci ilin sentyabr-noyabr aylarında Ağdərə rayonunun Dovşanlı, Heyvalı və Yayıcı kəndlərində qaniçən düşmənə qarşı qətiyyətlə vuruşub. Çıldıran kəndinin alınmasında cəsurluğu ilə fərqlənib. Əlbəttə, ailəsi də daim İlyasa və ordumuzun bütün vuruşan oğullarına namaz üstə Tanrıya əl açaraq dualar edib.

Sanki Ana Vətən İlyası öz qoynuna, əbədi cənnət qoxan beşiyinə çağırırmış. Noyabrın 19-u İlyas Sırxavənd döyüşündə düşmənin üzərinə qorxmadan şığıyıb, amma qaniçən, vəhşi yağı onu ürəyindən nişan alıb. Əmim Sırxavənd kəndi uğrunda gedən döyüşdə ilk şəhidimiz olub.

Üçrəngli bayrağımıza bükülmüş cənazəsi gətiriləndən və xəbəri bildiriləndən bir gün əvvəl Şamayıl nənəm məhəlləyə gələrkən, binanın qabağında gözünə mafa görünüb. Bəybala babam isə həmin gecə heç kimə danışmadığı, amma ona əyan olan bir yuxu görüb. Hər iki valideyninə oğullarının şəhadətə ucalması barədə Tanrı tərəfindən ilk xəbər əyan olub.

İ.Binyətov 1992-ci il noyabrın 20-də Bakı şəhərindəki Şəhidlər xiyabanında hərbi ehtiramla, yaylım atəşi açılaraq torpağa tapşırılıb.

Əmim şəhidlik zirvəsinə ucalandan sonra Şamayıl nənəm ömrünün sonuna qədər bir daha başına xına qoymadı, heç bir toyda, hətta övlad toyu olsa belə, əlini qaldırıb oynamadı. Bir əhdi vardı: “Oğlumun adını yaşadan nəvəm İlyazın toyunda başıma xına qoyub, əl qaldırıb oynayacağam” - deyərdi. Lakin toyumu görmək nənəmə qismət olmadı.

Mən, İlyaz Binyətov əmimin şəhid olmasından iki il sonra, 1994-cü il aprelin 16-da anadan olmuşam. 2001-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsindəki 1 saylı tam orta məktəbdə 1-ci sinfə başladım. 2-ci sinifdən 11-ci sinfə qədər isə Xırdalan şəhərindəki 2 saylı tam orta məktəbdə təhsilimi davam etdirdim. 2012-ci ildən 2016-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetində statistika ixtisası üzrə ali təhsil almışam.

2016-cı ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırıldım. Hərbi xidmətimi Müdafiə Nazirliyinin Ağcabədi, Beyləqan və Ağdam rayonlarında yerləşən “N” saylı hərbi hissələrində keçdim. Manqa komandiri vəzifəsində xidmətimi layiqincə yerinə yetirmişəm. Komandirim, o vaxt “baş leytenant” hərbi rütbəsində olan Həmidağa Dadaşovun sayəsində artilleriya sahəsini bacardığım qədər mükəmməl öyrənməyə çalışırdım. 2017-ci ildə ordu sıralarından tərxis olundum.

2020-ci ilin sentyabr ayının əvvəllərində komandirimlə Xırdalanda görüşdüm. Artıq o, “kapitan” hərbi rütbəsini almışdı. Söhbət əsnasında mənə bildirdi: “Hazırlıqlı ol, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlər başlayarsa, sən də hərbidə artilleriya ixtisasına yiyələndiyin üçün orduya mütləq gərək olacaqsan”.

Təxminən 10 gün sonra - sentyabr ayının 28-dən 29-a keçən gecə, hardasa saat 2-3 radələrində müharibə janrında olan “Ayla” adlı filmə baxırdım. Həmin gecəni yaxşı xatırlayıram. Kinonun sonunda gözlərimdən yaş süzüldü və sonra yuxuya getdim. Sentyabrın 29-da səhər saat 7 radələrində tanımadığım bir nömrədən gələn zənglə yuxudan ayıldım. İlk sual isə bu cümlə ilə başladı: “Salam, İlyaz Binyətovdur?”. O an artıq hər şeyin fərqinə varmışdım. Vətən torpaqları 28 il əvvəl ön cəbhəyə gedən əmim kimi, indi də məni gözləyirdi…

Atam 28 il əvvəl babam Bəybala kişinin etdiyi kimi, səbrli, soyuqqanlı və təmkinli şəkildə məni müqəddəs kitabımız olan “Qurani-Kərim”in altından keçirib, Allahın himayəsinə tapşıraraq, bağrına basdı və dedi: “Sən şəhid əmin İlyasın qisasını alıb, torpaqlarımızı geri qaytaracaqsan”.

2020-ci il sentyabrın 29-da döyüşlərə qatıldım. Əvvəlcə Mingəçevirdəki “N” saylı hərbi hissəyə yola düşdüm. Həmin hərbi hissədə komandirim kapitan H.Dadaşovla görüşməyim məndə xoş bir əhval-ruhiyyə yaratdı. O da mənimlə eyni istiqamətdə döyüşlərə qatılacaqdı. Bu xoş təsadüf hər ikimizin üzündə təbəssüm yaratdı, eyni zamanda bir-birimizə bir daha bu taleyüklü haqq savaşında daha da əzmli, güclü, iradəli olmaq üçün doğmalıq hissini ötürdü.

Kapitan H.Dadaşov “N” saylı hərbi his-sənin minaatan batareyasının komandiri idi, mən isə həmin batareyanın 6-cı manqasının komandiri. Bu, Allahın mənə bəxş etdiyi, heç vaxt unutmayacağım qismət idi.

Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə layiqincə iştirak etdim. Noyabrın 5-də Zəngilanda düşmənin üzərinə xeyli sayda mərmi yağdırdım, o anlar heç vaxt yadımdan çıxmaz.

Əmimin ruhu hər zaman mənimləydi, məni mənfur düşmənin mərmisindən və gülləsindən qoruyurdu. Müharibədə hamımız eyni məqsəd üçün vuruşurdıq: işğal olunmuş torpaqlarımızı geri qaytarmaq və şəhidlərimizin qisasını almaq. Biz buna nail olduq. Haqq savaşımızı qələbə ilə sona çatdırdıq.

Mən ön cəbhəyə getdiyim ilk gün şəhid qanı ilə yoğrulmuş bir ovuc torpağı əmimin məzarına qatacağımı əhd etmişdim. Müharibədən dönəndən sonra Şəhidlər xiyabanında əmimin qəbrini ziyarət edərək, şəklini öpdüm, ona qələbə xəbərini çatdırdım. Hiss edirdim ki, əmimin ruhu bu görüşü gözləyirmiş. Daha sonra cibimdəki şəhid qanı ilə qarışan bir ovuc torpaq payımı çıxardıb, əmimin sinə daşının ətrafında olan güllərlə örtülmüş torpaq sahəsinə qarışdırdım. Həmin an çox kövrəlmişdim, gözlərimdən bir neçə damla yaş axaraq həmin torpağa töküldü. Bu, əlbəttə ki, sevinc göz yaşları idi. Çünki hər insana adını yaşatdığı şəxsin qisasını alıb, onun ruhunu şad etmək nəsib olmur.

Müharibədən sonra ilk ziyarət etdiyim ocaq babamın evi oldu. Babam 2014-cü ildə dünyasını dəyişib. 2021-ci ilin yanvar ayında şəhid anası, Şamayıl nənəmlə görüşməyə yollandım. İçimdə böyük bir qürur hissi vardı, həyəcanlı idim, çünki şəhid anasını sevindirəcəkdim, axı onun oğlunun qisasını almışdım. Nənəmin qabarmış əllərini öpüb, uca dağların qarla örtülmüş zirvələrini xatırladan ağ saçlarını oxşadım. Onun gözlərindən yaşlar süzülürdü. Məni qucaqlayaraq təşəkkürünü bildirdi, şəhid oğlu İlyasın qisasını alıb, adını daim uca tutduğum üçün dualar etdi. O, 2024-cü ildə dünyasını dəyişib. Əminəm ki, şəhid oğlu ilə birlikdə cənnətdə əbədi qovuşublar.

Bu müqəddəs savaşdan danışmağa xeyli xatirəm var. “Cəbrayılın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişəm. Həmçinin Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcumu layiqincə yerinə yetirdiyimə görə fəxri fərmanla mükafatlandırılmışam.

Müharibədən sonrakı hər il əmimin və digər şəhidlərimizin məzarlarını ziyarət edərkən, onların ruhlarının rahatlıq tapdıqlarını qəlbimin dərinliyində hiss edirəm.

Şəhidlik ən ali zirvədir. Uşaqlıqdan bizə öyrədiblər ki, şəhidlər bu dünyaya bizlərə xoş, firavan və əmin-amanlıqla dolu həyat bəxş etmək üçün Tanrı tərəfindən göndərilmiş mələklərdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

       İlyaz Binyətov

Vətən müharibəsi iştirakçısı

 

 



Seçilən
97
herbiand.az

1Mənbələr