Avropa İttifaqı sammitinin gündəmində Rusiya aktivlərinin tam istifadəsi dayanır...
Poliqon xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında çıxışı zamanı Avropa İttifaqında dondurulmuş Rusiya aktivlərinin tam şəkildə Ukraynanın müdafiəsi üçün istifadəsini mənəvi, ədalətli və hüquqi baxımdan əsaslandırılmış addım adlandırıb. Onun sözlərinə görə, bu məsələ hazırda Aİ sammitinin əsas müzakirə mövzularından biridir və qəbul ediləcək qərar təkcə siyasi yox, həm də dərin etik məna daşıyır.
Zelenski bildirib ki, Avropanın Rusiyanın təcavüzünə cavabı prinsipial olmalıdır və bu müharibənin nəticələri mütləq şəkildə təcavüzkar üçün real məsuliyyət yaratmalıdır. O vurğulayıb ki, heç kim müharibədə valideynlərini itirmiş ukraynalı bir uşağa bunun günahının təcavüzkarda olmadığını izah edə bilməz. Prezidentin sözlərinə görə, Viktor Orbanın ən təsirli çıxışları və videoları belə həmin uşağı putinin məsuliyyət daşımadığına inandıra bilməz.
Ukrayna lideri əlavə edib ki, Avropa seçicilərinə də Rusiyaya məxsus təxminən 200 milyard avronun niyə geri qaytarılmalı olduğunu izah etmək mümkün deyil. Onun fikrincə, Rusiya bu müharibə zamanı Avropanın təhlükəsizliyinə, beynəlxalq hüquqa və bütövlükdə qitənin sabitliyinə ciddi zərbə vurub və bütün bunlardan sonra həmin vəsaitlərin putinə qaytarılması ədalətsiz olardı.
Zelenski Avropa liderlərini putinə yeni ümidlər verməməyə çağırıb. O qeyd edib ki, Rusiya rəhbərliyi Avropanın zəiflik göstərərək müharibənin daha bir-iki il davam etməsinə göz yumacağına və sonda onu 200 milyard avro ilə mükafatlandıracağına inanmamalıdır. Prezidentin fikrincə, narkotacirlərin qanunsuz pulları necə müsadirə edilirsə, terrorçulardan silahlar necə alınırsa, beynəlxalq hüququ pozan və kütləvi dağıntılar törədən dövlətin aktivləri də təcavüzdən müdafiə üçün istifadə edilməlidir.
Poliqon.info