AZ

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycanda kritik informasiya infrastrukturlarının kibertəhlükəsizlik vəziyyəti ilk dəfə olaraq vahid metodologiya əsasında qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) 2025-ci il üzrə fəaliyyətinin yekunlarına dair tədbirdə bildirib. Onun sözlərinə görə, 2024-cü il mayın 29-da Nazirlər Kabinetinin 501 nömrəli qərarı ilə kritik informasiya infrastrukturu obyektlərinin siyahısı müəyyən edilib və bu istiqamətdə risklərin qiymətləndirilməsinə başlanılıb.

Davud Rüstəmov qeyd edib ki, Nazirlər Kabinetinin 229 nömrəli qərarına uyğun olaraq səlahiyyətli qurumlar tərəfindən dövlət sektorunda fəaliyyət göstərən kritik informasiya infrastrukturu subyektlərində təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyətinin ilkin mərhələsində bəzi subyektlərin özünüqiymətləndirmə nəticələri ilə faktiki vəziyyət arasında uyğunsuzluqların aşkarlandığını deyən Mərkəz rəisi bildirib ki, bu, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin zəruriliyini göstərir. O vurğulayıb ki, kritik infrastrukturlar ölkənin ən həssas və strateji əhəmiyyətli obyektləri hesab olunur və onların kibertəhlükəsizliyi daimi nəzarətdə saxlanılır.

Davud Rüstəmov bu prosesdə AKTA-nın yerli ekspert potensialından fəal istifadə olunduğunu, milli mütəxəssislərin töhfəsinin xüsusilə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

 

Seçilən
114
4
azertag.az

5Mənbələr