Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin rezident-əlaqələndiricisi Vladanka Andreyeva ilə görüş keçirib.
ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı və həyata keçirilən layihələr barədə məlumat verilib.
Görüş zamanı Azərbaycan Hökuməti ilə BMT arasında imzalanmış bu təşkilatın 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi ətrafında fikir mübadiləsi aparılıb.
Vüqar Süleymanov ölkəmizdə səlahiyyət müddəti başa çatan rezident-əlaqələndiricinin Azərbaycandakı fəaliyyəti dövründə humanitar minatəmizləmə sahəsində göstərdiyi faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar diləyib.
Vladanka Andreyeva Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə sahəsində ANAMA ilə BMT arasında sıx əməkdaşlığın mövcudluğunu qeyd edib, həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulması sahəsində uğurlu fəaliyyət göstərməyi arzulayıb.