AZ

ABŞ bir sıra antirusiya sanksiyalarını ləğv edib

Vaşinqton sanksiya siyahısından yeddi şirkəti və iki fiziki şəxsi çıxarıb...

Poliqon xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında yayımlanan məlumata görə, Vaşinqton Rusiyaya qarşı tətbiq edilən sanksiyalar siyahısından yeddi hüquqi və iki fiziki şəxsi çıxarıb. Qərar ABŞ administrasiyasının sanksiya rejiminə mütəmadi baxışı çərçivəsində qəbul edilib.

Maliyyə Nazirliyində dəqiqləşdirilib ki, sanksiyalar rusiyalı Dmitri Buqayenko və Finlandiya vətəndaşı Yevgeniya Dremovadan götürülüb. Eyni zamanda, siyahıdan çıxarılan yeddi hüquqi şəxsin hansı sahələrdə fəaliyyət göstərdiyi barədə əlavə təfərrüatlar açıqlanmayıb.

Bu qərar fonunda ABŞ mediası Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırladığı barədə məlumatlar yayıb. Bloomberg-in məlumatına görə, Ukrayna üzrə mümkün sülh razılaşmasının iflasa uğraması halında yeni məhdudiyyətlər tətbiq oluna bilər. Bu sanksiyalar Rusiyanın dəniz yolu ilə neft daşınmasını təmin edən “kölgə donanması”na, eləcə də bu prosesdə iştirak edən treyderlərə yönələ bilər. Məhdudiyyətlərin artıq bu həftə elan ediləcəyi istisna edilmir.

Daha əvvəl Politico yazmışdı ki, ABŞ prezidenti Donald Tramp dekabrın 25-dək prinsipial razılaşmaların əldə olunacağına ümid edir. Bu yanaşma Vaşinqtonun sanksiya siyasətində taktiki manevrlər etməsi ehtimalını da gündəmə gətirir.

Xatırladaq ki, dekabrın 16-da ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, son illərdə ABŞ sanksiyalar məsələsində həddindən artıq “tənbəllik” nümayiş etdirib. Onun sözlərinə görə, sanksiyalar yalnız tam şəkildə icra edildikdə effektiv ola bilər. Nazir əlavə edib ki, maksimal nəticə əldə etmək üçün Maliyyə Nazirliyi hazırda mövcud məhdudiyyətlərin mütəmadi şəkildə yenidən nəzərdən keçirilməsini həyata keçirir.

Poliqon.info

Seçilən
87
poliqon.info

1Mənbələr