AZ

Tramp ABŞ-nin müdafiə büdcəsini təsdiqləyib

2026-cı maliyyə ili üçün hərbi xərclər rekord səviyyəyə çatıb...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 18 dekabr, cümə axşamı günü 2026-cı maliyyə ili üçün Milli Müdafiə Təminatı haqqında qanunu imzalayıb. Ağ Evdən verilən məlumata görə, sənəd 901 milyard dollar həcmində rekord illik hərbi xərcləri nəzərdə tutur.

Qanunda Ukraynaya da xüsusi diqqət yetirilib. Belə ki, ABŞ 2026 və 2027-ci illərdə hər il 400 milyon dollar olmaqla, ümumilikdə 800 milyon dollar həcmində təhlükəsizlik yardımı ayıracaq. Bu vəsait ABŞ Silahlı Qüvvələri üçün silahların alqı-satqısını nəzərdə tutan Təhlükəsizlik Yardımı Təşəbbüsü çərçivəsində Ukrayna Silahlı Qüvvələrinə yönəldiləcək.

Bu qərar Trampın komandası tərəfindən Rusiya-Ukrayna müharibəsini dayandırmaq məqsədilə aparılan danışıqlar fonunda verilib. Qeyd edək ki, Trampın yenidən prezident seçilməsi ilə ABŞ-ın Ukraynaya dəstəyi əvvəlki illərlə müqayisədə azaldılıb. NATOABŞ PURL mexanizmini işə salıb ki, bu da Avropa ölkələrinin Ukrayna üçün ABŞ silahlarını maliyyələşdirməsinə və satın almasına imkan verir.

Dekabrın əvvəlində Tramp bir daha bəyan edib ki, ABŞ artıq öz vəsaitlərini Ukraynaya yardım üçün xərcləmir. Onun sözlərinə görə, indi ABŞ silahlarının ödənişi NATO tərəfindən həyata keçirilir və Vaşinqton alyansdan vəsait alır.

Qanun Avropanın müdafiəsinə də xüsusi diqqət ayırır. Ağ Evə Avropadakı qoşun sayını 45 gündən artıq müddət ərzində 76 min nəfərdən aşağı salmaq qadağan olunub. Eyni zamanda, əsas hərbi texnikanın ixracı və ya ötürülməsi də qadağan edilib.

Həmçinin, müdafiə qanunu Baltik Təhlükəsizlik Təşəbbüsünü dəstəkləyir və Latviya, Litva və Estoniyanın müdafiəsi üçün 175 milyon dollar ayrılmasını nəzərdə tutur.

Poliqon.info

Seçilən
85
poliqon.info

1Mənbələr