Azərbaycanda humanizm və sosial ədalət prinsipləri
Azərbaycanın müasir inkişaf yolunun əsasında dayanıqlı dövlətçilik ənənələri dayanır. Bu ənənələrin təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyası və uzaqgörən siyasi iradəsi ilə qoyulub. Məhz Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti qurulmuş, möhkəmləndirilmiş və hüquqi əsasları formalaşdırılmışdır. 1995-ci ildə qəbul edilən Konstitusiya müasir Azərbaycan dövlətçiliyinin ideoloji və hüquqi sütunu kimi çıxış edərək ölkənin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirmişdir. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl, qətiyyətli və müasir çağırışlara uyğun şəkildə davam etdirilir.
Humanizm ideyaları cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biridir: Dövlət başçısının siyasi fəlsəfəsində insan amili, sosial ədalət və mərhəmət prinsipləri xüsusi yer tutur. Cinayət-hüquq siyasətində də məhz bu yanaşma özünü aydın şəkildə göstərir. Hüququn məqsədi yalnız cəzalandırmaq deyil, eyni zamanda islah etmək, cəmiyyətə yenidən qazandırmaqdır. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü də dövlət başçısının ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini, güclü dövlətlə humanist idarəetmənin vəhdətini nümayiş etdirir. Amnistiya aktının şamil olunacağı şəxslər dairəsi bu təşəbbüsün sosial və mənəvi mahiyyətini daha qabarıq şəkildə göstərir. Suverenliyimizin və ərazi bütövlüyümüzün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərə, habelə şəhid və itkin düşmüş şəxslərin yaxın qohumlarına, müharibə nəticəsində əlil olmuş vətəndaşlara, qadınlara, yaşlılara və yetkinlik yaşına çatmayanlara münasibətdə fərqləndirilmiş yanaşma hüququn vicdanla icrasının bariz nümunəsidir. Bu yanaşma ədalətin formal deyil, mahiyyətcə təmin olunmasına xidmət edir. Qeyd edək ki, Azərbaycanın humanist siyasəti amnistiya və əfv institutlarının tətbiqi tarixində də aydın görünür. 1995-ci ildən bu günədək qəbul edilən 12 amnistiya aktının 130 mindən artıq şəxsi əhatə etməsi, 71 əfv fərmanı və sərəncamla on minlərlə məhkumun cəzadan azad edilməsi dövlətin mərhəmətə əsaslanan idarəçilik ənənələrinin göstəricisidir. Cənab Prezident İlham Əliyevin bu sahədə təşəbbüsləri, eləcə də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları humanizmin dövlət siyasətində davamlı və sistemli xarakter daşıdığını təsdiqləyir. “Konstitusiya və Suverenlik" İlində irəli sürülən yeni amnistiya təşəbbüsü isə bu xəttin məntiqi davamı kimi Azərbaycan dövlətinin güclü, ədalətli və mərhəmətli mahiyyətini bir daha ortaya qoyur.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.