AZ

“Şimal-Cənub” dəhlizinin Azərbaycanın üzərindən keçməsi rəsmi Bakının strateji mövqeyini daha da gücləndirir - ŞƏRH

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycanın coğrafi mövqeyi və dövlət tərəfindən həyata keçirilən infrastruktur layihələri onu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) iştirakçıları arasında əhəmiyyətli dövlətə çevirib. Bu dəhlizin Azərbaycanın üzərindən keçməsi rəsmi Bakının strateji mövqeyini daha da gücləndirir, region ölkələri arasında artan ticarət və logistika inteqrasiyasında mühüm tranzit mərkəzinə çevrilir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı logistika üzrə beynəlxalq ekspert Rauf Ağamirzəyev deyib.

O bildirib ki, Azərbaycan iştirakçı dövlətlər arasında infrastruktur üstünlüyü ilə seçilir və dəhlizin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirir. Hazırda yeganə tamamlanmamış hissə Rəşt-Astara dəmir yolu seqmentidir. Son məlumatlara görə, 162 kilometrlik xəttin 34 kilometrlik hissəsi üzrə torpaq ayrılması yekunlaşıb. Tikinti işlərinin 2026-cı ilin martına qədər başlanması və təxminən dörd il ərzində tamamlanaraq istifadəyə verilməsi planlaşdırılır. Hazırda bu istiqamət üzrə multimodal daşımalar da həyata keçirilir.

Azərbaycandan keçən Sumqayıt-Yalama dəmir yolu xəttinin modernizasiyası bitib, Ələt-Osmanlı-Astara dəmir yolunun bərpası isə 2028-ci ildə yekunlaşması nərdə tutulub. Bu da, buraxılış qabiliyyətinin artırılması və tranzit müddətinin azaldılmasına töhfə verəcək.

Ekspertin fikrincə, Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Azərbaycanın tranzit imkanları daha da genişlənəcək. R.Ağamirzəyev qeyd edib ki, dəhlizin tam reallaşmasından sonra regionlararası iqtisadi əlaqələr güclənəcək, inteqrasiya prosesi sürətlənəcək. Bu, həm şimaldan cənuba, həm də cənubdan şimala yönələn yük axınlarına ciddi təkan verəcək.

Dəhlizə ən çox maraq göstərən ölkələrdən biri Hindistandır. Bu dəhliz Rusiya, İran, Azərbaycan və Hindistanı birləşdirən, Asiyadan Avropaya malların daha sürətli və təhlükəsiz şəkildə daşınmasını təmin etməyə yönəlmiş qlobal əhəmiyyətli layihədir. Layihənin əsas məqsədi Rusiyanı Hindistan limanları ilə, daha geniş mənada isə Cənubi Asiya, Körfəz və Afrika bazarları ilə birləşdirməkdir. Bu baxımdan dəhliz Hindistan üçün yeni ticarət və logistika imkanları açır. Eyni zamanda, bu nəqliyyat arteriyası Süveyş kanalına alternativ rolunu oynayaraq qlobal yükdaşımalar sistemini yenidən formalaşdırmaq potensialına malikdir.

“Hindistanın Çabahar limanına və oradan Mərkəzi Asiya istiqamətində dəmir yollarına yatırımlar etdiyi məlumdur. Güman edilir ki, Rəşt-Astara xətti tam istismara veriləndən sonra Hindistan şirkətlərinin bu marşruta marağı daha da artacaq. Bu prosesdə əsas diqqət tranzit vaxtının azaldılmasına yönəlməlidir. İran ərazisində infrastrukturun orta sürəti nisbətən aşağı olduğundan, burada ciddi investisiya tələb olunur. Lakin ümumilikdə, alternativlərin çoxalması rəqabəti artırır və region ölkələrinin inteqrasiyasını sürətləndirir. Hər bir marşrutun öz iqtisadi məntiqi və yükaşırma potensialı mövcuddur”, - deyə ekspert vurğulayıb.

Seçilən
103
azertag.az

1Mənbələr